26 fevrala REKVİYEM – İLAHİ MƏĞLUB (hekayə)

 

 

Aydın Can

 

Dan yerini sökən şəfəqlər müharibə meydanında sonuncu yaylım atəşlərinin vicvicəli gurultularına son qoydu – beynində!

 

Hər gecə beləydi: yorğanı başına çəkib başlayırdı “müharibə”yə. Babasının əvəzinə Reyxstaqa, atasının əvəzinə Şuşaya, olmayan oğlunun əvəzinə Göyçəyə, nəvəsinin yerinə İrəvana… qələbə bayrağı sancırdı! Day öz müdafiə nazirləri kimi “Lazım” müəllimin gəlib Ali Baş komandana xeyir-dua verməsini gözləmirdi e…

 

Elə ov tüfəngini alırdı əlinə, bir bəyanatla İranla sərhədi bağlayırdı, Kəlbəcərdən ermənilərin qabağına kötük atırdı, başlayırdı bala-bala (şübhəsiz ki… araqla yox, araq içmirdi, fikriylə) qələbəni qeyd etməyə. Üstəlik də Rusiyadan Dəmirqapı Dərbəndi ləzgilər, Irandan Rəşti, Zəncanı, o tay Astarasın talışlar, Iranın qərbin, Iraqın şimalın, Suriyanın şərqin, Türkiyənin cənubun da kürdlər üçün alırdı! Maraqlı da orasıydı ki, bütün bu möhtəşəm və xariqüladə qələbələrin fonunda xalqın minnətli-sünnətli yalvarışlarına məhəl qoymurdu, prezident seçilmək üçün namizədliyini irəli sürənlərə “vız” deyirdi, “Milli Qəhrəman”, “Istiqlal” və s. adlı-sanlı orden-medallardan bilmərrə imtina edirdi! Xalqa xidmət mükafat üçün deyil axı!

 

Amma səhər açılanda…

 

Hə-ə, səhər açılanda fikirləşirdi ki, görəsən, hardan çörək pulu tapsın!

 

Yenə axşam gəlirdi. Bu dəfə də eyni süjet, amma ssenari ayrı olurdu! İndi də – ta bu boyda cahanşümul “uğur”lardan sonra neyləməliydi bə – başlayırdı özünə villa tikməyə, marka-marka maşınlar almağa, dünyanın gəzməli-görməli yerlərinə səyahət etməyə. Arada hətta Klintonun da adını ağlına gətirməyə

 

belə üşənəcəyi dünya gözəllərini götürüb aparırdı Bakının üfunət iyi verən qəlyanaltıxanalarına – acıqca! Bir də ki, xəsis olmağı bir yana, pul xərcləyib kiminsə varlanmasına xidmət etməyi ağılsızlıq sayırdı!

 

Bütün bunların hamısını Allahın acığına, Allahla düşmənçilik naminə edirdi – real həyatda bütün zərbələri almışdı deyə..

 

Bəlkə də onu tanıyanlar Allahın hamıdan çox ona mərhəmət və lütf göstərdiyini düşünürdülər, o isə əksinə! Adam var, anasını gözünün qabağında öldürsələr, atasını itqusdu etsələr, qardaşını dama bassalar, vecinə almır, özü üçün zərbə hesab etmir.O isə hər şeyə hazır idi, təki ona yalan danışmasınlar. Qəti qənaətiydi: ürəyindən keçənlərin hamısına son anda deyəcəkdi ki, yalan demişəm! Düşünməyə cəza versələr də, ürəyindən keçirməyə görə hələ ki… təzə-təzə başlayıblar cəza verməyə! Həm də hələ ki, bunun ürəyindən bircə Allahın xəbəri vardı. Allah da bilirdi ki, niyə bu ağıldadı: Yer üzündə düşmənçilik etməyə layiqli düşmən tapmırdı! Ümidi göylərəydi! Çünki ən təhlükəsizi, mərdi, ədalətlisi, mərhəmətlisi, bağışlayanı… elə Allahın özüydü!!! Uduzanda da biləcəkdi ki, İlahi məğlubdu.

 

Onun həyatını pozan, onu “yorğan altda döyüş”ə vadar edən YALAN və KİŞİLİYIN QEYBƏ ÇƏKİLMƏSİYDİ!

 

Hardansa ağlına gəlmişdi ki, siqaret, nəşə çəkənlər, alkoqoliklər, fahişələr, yalançılar, zinakarlar üçün bəyanat versin:

 

-ə, tüpürüm üzünüzə;

 

-az, boyun qırılsın;

 

-ay dümbələk, boşla peşəni və s. və ilaxır!

 

Bilirdi, nə bu məmləkətin narkomanı özünü düzəldib prezidentliyə yüksələn deyil, nə də fahişəsi tövbə qapısını tanıyan! Odu ki, o da elə “yorğan altda döyüş”ə üstünlük verirdi: bütün məmləkəti gətirib salırdı yorğanın altına, yağını yağ üstə çıxarırdı, ayranın da ayranlıq edirdi.

 

Tərslikdən “işləri”də düz… gətirirdi! Heç yerdə işləməyə-işləməyə, evi olmaya-olmaya, ailəsini bir evdə kirayə saxlayırdı, məşuqəsi üçün də başqa ev tutmuşdu. Hər gün də yeyib-içməkdəydi.

 

Tərslikdən… düşmənçiliyindən də qalmırdı! Bilirdi ki, Allahın səbri qırx ildi. Bilirdi ki, Allah bu düşmənçiliyin əvəzinə bir xardal tükü qədər haqsızlıq etməz – elədiklərinin əvəzini layiqincə verər – anasını qəşəngcə ağladar.

 

Belə baxanda anasının ağlar qalmağı da vecinə deyildi! – anasına ən böyük pisliyi dədəsi eləmişdi! Allahla düşmənçiliyə onu vadar edənlərdən birincisi elə dədəsiydi!

 

Uşaqlıqdan ağlı belə kəsmişdi ki, “düşmən” elə öz evlərindədi – dədəsi.

 

Qırxına az qalmışdı! Hiss edirdi ki, qırxı çıxmamış, QIRXI ÇIXACAQ!

 

Tərslikdən o bunu qırxı ərəfəsində başa düşmüşdü və daha nəyisə öyrənmək həvəsində deyildi!

 

Çünki yaşadığı dünyanın nəfəs aldığı məmləkətində kişiliyin kriteriyaları eyni deyildi!

 

Hər səhər onun üçün əzab idi! Hər açılan səhər onu yalan fıkirləşməyə, yalan eşitməyə məhkum etmişdi! Hövsələsi çatmırdı. Götürüb tanış-bilişə xəbər eləmişdi:

 

– Sizin başınıza mən dönüm, Brejnev dolansın, mənə zarafata da olsa, yalan deməyin, Xruşşovun cəddinə and olsun, mən başlasam, duraram bir ayağım üstə, birnəfəsə qırx yalan deyərəm, Sov.lKP MK-nın orqanları “İzvestiya”ya, “Pravda”ya min şükür edərsiniz!

 

Adamlara başa sala bilməmişdi ki, adam yalanı prezidentə deyər, baş nazirə, nazirə, komitə sədrinə deyər, dosta nə yalan?!

 

İnanmamışdılar…

 

İndi bilmirlər ki, danışanda nəyi düz deyir, nəyi yalan.

 

Növbəti mesajı da zatıqırıq badə yoldaşlarına olmuşdu: “mənə qarşı namərdlik etməyin, edirsinizsə, boynunuza alın”.

 

Yenə olmamışdı!

 

Bəlkə də həmin zatıqırıqlar nə vaxtsa ayılacaqlar və anlayacaqlar ki, “namərdlik nədir bilmirsiniz, namərd mənim kimi olar” nə demək imiş və onda… İnterpol da onların köməyinə çata bilməz!

 

Özünü hər gün “yorğan altda döyüş”ə hazırlayırdı: məmləkət üçün döyüşən, düşmənlə qarşı-qarşıya gələndə sinəsini səngər edən kişilərin hamısı torpaq altındaydı.

 

Hər səhər “Vətən, mən varam” demək istəsə də, hər tərəfdən “biz yoxuq” cümləsinin diqtə olunmağına şahid olurdu!

 

Vətəni səslərin əsiriydi.

 

Məmləkətin kişiləri səngərdə yox, bunkerdəydi.

 

Kişilər ona görə bunkerdəydi ki, başını tərpədəndə avtomat güllələri vıyıldayırdı.

 

O da kim idi ki, kişiləri qınayaydı?!

 

Gücünü yorğanın altına saxlayırdı…

 

Yenə axşam düşürdü.

 

Yenə yorğanın altına girmişdi.

 

Bu gecə döyüş yox idi.

 

Yox, atəşkəs elan etməmişdi!

 

Onu sel aparırdı – daha özünü yalana inandıra bilmirdi.

 

Daha onun yalandan kişilənməyə həvəsi qalmamışdı.

 

Daha yalançı kişiliyin qurbanı olmaq istəmirdi.

 

Yorulmuşdu. Birdən-birə başa düşmüşdü, anlamışdı, dərk etmişdi ki, xalq belə istəyir, məmləkətə belə Iazımdı.

 

O isə ayağı çarıqlı, əyni patavalı çoban deyildi!

 

Təsəllisi bircə oydu: bu məmləkətdə kişilərin bayramı yoxdu.

 

Son döyüşə hazırlaşırdı: məmləkətin nə qədər satqın yazıçısı, şairi vardı, hamısını bu gecə “yorğan altına” salacaqdı. Bütün günahı onlarda görürdü – hamıya yalan deyən, kişiləri bunkerə göndərtdirən, adamların həyatını pozan onlar idi. Onlar olmayan keyfiyyətləri təbliğ, təlqin edirdilər – onlar gərək iliyinəcən başa düşəydilər və başa salaydılar ki, siz özünüzü çoban saymamalısınız. Sizdən çoban çıxmaz.

 

… Bu səhər məmləkət bir az da böyüdü, yükü yüngülləşdi – amansız döyüşlərin tükürpədici vəlvələsi kəsildi, silah-sursatın, barıt qoxusunun iyi azaldı bu gecədən…

 

Daha bu məmləkətin gecələrində milçək uçsa, vızıltısı eşidilirdi – artıq ürəklərdən keçənlərdən də yerdəkilər xəbər tutmuşdu.

 

İlahidən göndərilən məğlubiyyət bütün ittihamları onun üstündən götürürdü: o heç kimə və heç yerə borclu deyildi…

p.s. “Xural” qəzeti nəşrə başlayan ilk illərdə yazdığım üç hekayədən biridir – tarixi xatırlamıram, hər halda 2004-cü ildən o yanadır!