MSDM ictimaiyyətə müraciət etdi: “Qarabağın işğaldan azad olunması bitməyib”

 

Milli Strateji Düşüncə Mərkəzi (MSDM) siyasi partiyalara, ictimai qurumlara, söz, fikir, əməl sahiblərinə müraciət edib.

 

Müraciətdə deyilir:

 

“Hörmətli xanımlar və bəylər!

 

Ziddiyətli və hadisələrlə zəngin 2020-ci il başa çatmaqdadır.
Heç bir tərəfin tam razı qalmadığı parlament seçkiləri ilə başlayan, xalqımızı və bütün bəşəriyyəti Kovid 19-la çətin sınağa çəkən bu ilin zirvəsi qalibiyyətli Vətən Müharibəsi oldu.
Şəhidlərimizin həyatı, qazilərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı, zabitlərimizin fədakarlığı, generallarımızın qərarları, hakimiyyətin siyasi iradəsi, demokratik düşərgənin vətənpərvərliyi, Güney Azərbaycandan başlamış bütün dünyada yaşayan soydaşlarımızın mövqeyi, müttəfiqlərimizin – ilk növbədə Türkiyəmizin siyasi-mənəvi dəstəyi nəticəsində əldə olunan qələbəmizin əsas müəllifi xalqımızdır. Çünki sadalanan bütün göstəricilər milli iradənin və milli birliyin təzahürü və məhsuludur.

 

Müharibənin bu mərhələsinin bitməsini rəsmiləşdirən 10 noyabr üçlü bəyanatı və bu bəyanatdan sonrakı dövr sübut etdi ki, bu gün milli birliyin davam etməsinə və milli iradənin nümayiş etdirilməsinə daha çox ehtiyac var. Bunun üçün gerçəkləri birlikdə təsbit etmək və fəaliyyət istiqamətlərini birlikdə müəyyən etmək zəruridir.

 

Gəlin razılaşaq ki:

 

1. 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixi bir hərbi qələbə əldə etdi. 7 rayonumuzun, Şuşa başda olmaqla Qarabağın dağlıq ərazisinin müəyyən hissələrinin işğaldan azad edilməsi, Iranla sərhədlərimizin nəzarətə götürülməsi, Naxçıvan yolunun açılacağının bəyan edilməsi möhtəşəm uğurlardır.

 

2. 44 günlük Vətən Müharibəsi Azərbaycanda 30 ilə yaxın sürmüş işğal dönəminin doğurduğu məğlubiyyət və aşağılıq duyğusunu qələbə, özünə inam, qürur duyğuları ilə əvəzlədi, ən başlıcası isə, ordu – millət və millət – dövlət bütünləşməsi yaradaraq sosial-psixoloji gücümüzün zirvəsi olan milli bütövləşməni ortaya qoydu. Böyük bir strateji önəm daşıyan bu milli bütövləşmənin təkcə Azərbaycan Respublikasını deyil, Güney Azərbaycanı və yurd dışında yaşayan soydaşlarımızı da qapsaması, hətta Azərbaycanla Türkiyə arasında belə özünü qabarıq bir biçimdə göstərməsi tariximizin ən şanlı uğurlarından biri sayılmalıdır.

 

3. Ermənistan 10 noyabr üçlü bəyanatı imzalamaqla məğlubiyyətini etiraf etdi. Lakin bu kapitulyasiya sadəcə və yalnız Azərbaycan qarşısında deyil, Rusiya qarşısında etiraf edildiyi üçün Moskva öz ordusunu Azərbaycan ərazisinə yenidən daxil etməyə nail oldu. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və bəzi digər torpaqlarımız Rusiyanın birbaşa nəzarətinə keçdi. Nəticədə Azərbaycanımızın suverenliyinə ciddi təhdidlər yarandı.

 

4. Beləliklə, çox böyük uğurlar əldə etsək də, Qarabağın işğaldan azad edilməsi bitməyib. Rusiya “sülhməramlıları”nın Qarabağın bir hissəsində əsas söz sahibi olması, digər tərəfdən Ermənistan siyasi dairələrinin revanşist bəyanatları, “savaşı deyil, döyüşü” uduzduqlarını iddia etmələri nəzərdən qaçmamalıdır.

 

5. Əslində Qarabağın işğalı Şuşadan başlanmayıb ki, Şuşanın azadlığı ilə bitsin. Qarabağın işğalı Xankəndidən başlayıb və Xankəndinin azad edilməsi, bu şəhərimizdə Azərbaycan bayrağının yüksəldilməsi ilə bitəcək.

 

6. Rusiya ordusu torpaqlarımza Qarabağı nə Ermənistana vermək üçün, nə də Azərbaycana təqdim etmək üçün gəlməyib. Moskvanın məqsədi hər iki ölkəni daha çox asılı vəziyyətə salmaq, bölgəyə və dünyaya güc nümayiş etdirməkdir.

 

7. Əvvəlki “təmas xətti” (Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələri arasında) aradan qaldırılsa da yeni “təmas xətti” (Azərbaycan silahlı qüvvələri ilə Rusiya “sülhməramlılar”ı arasında) yaranıb.

 

8. Nəticədə əvvəlki status-kvo aradan qalxsa da yeni status-kvo formalaşıb.
Əgər bu inkarolunmaz gerçəkləri qəbul ediriksə, “nə etməli” sualına da birlikdə cavab tapa bilərik.
Bunun üçün MSDM-in mövqeyini təqdim edirik.
MSDM hesab edir ki, indiki mərhələdə Azərbaycanın əsas hədəfi bir-biri ilə sıx bağlı olan iki məsələni həll etmək–rus ordusunun torpaqlarımızdan çıxarılmasına və bütün ərazilərimiz üzərində dövlətimizin tam suverenliyinə nail olmaqdır.

 

Bunun üçün:

 

1. Arxayınlaşmamaq, rəqiblərin və onların havadarlarının revanş iddiasında olduqlarını unutmamaq, onların mümkün hərbi addımlarının qarşısını almağa hər an hazır olmaq, bunun üçün ordumuzun daha da güclənməsi, müasir silahlarla təchizatı və döyüş hazırlığının yüksəldilməsini təmin etmək,

 

2. Rusiya “sülhməramlı” güclərinin gerçək işğalçı mahiyyətini xalqa açıqlamaq, onların Qarabağdakı erməni terrorçu qruplaşmalarını ərazimizdən çıxarmamasını, hətta Ermənistandan yeni hərbi qruplaşmaların Qarabağa gətirilməsinə göz yummasını üçtərəfli razılığa zidd olan və Azərbaycana qarşı gizli bir niyyət güdən qəsbkar bir davranış kimi ifşa etmək,

 

3. Qələbə və uğurlarımızı rəsmiləşdirmək, rəqiblər və onların havadarları tərəfindən qəbul edilməsinə nail olmaq,

 

4. İşğaldan azad edilmiş torpaqlarımızın etibarlı müdafiəsi şərtilə rekonstruksiyası və məskunlaşmasını təmin etmək,

 

5. Azərbaycanda vətəndaşın və xalqın azad və ləyaqətli həyatının təmin edilməsi, həmçinin ölkəmizin dünyada mövqeyinin gücləndirilməsi məqsədilə gerçək islahatlar aparmaq, iqtisadi və siyasi azadlıqları bərqərar etmək, güclü yerli bələdiyyə idarəetmə sistemi, həqiqətən müstəqil parlament və məhkəmə formalaşdırmaq,

 

6. Türkiyə başda olmaqla müttəfiqlərimizlə iqtisadi, siyasi-diplomatik və hərbi-strateji əməkdaşlığı gücləndirilmək,

 

7. Dünya birliyi, aparıcı beynəlxalq təşkilatlar və böyük dövlətlərlə əlaqələri, qarşılıqlı anlaşmanı inkişaf etdirmək zəruridir.

 

Unutmaq olmaz ki, Qarabağda dövlətimizin tam suverenliyini təmin etməyin yolu Moskvanın xoşuna gəlməkdən keçmir. Azərbaycan Kremlin xoşuna gəlmək üçün nə qədər çalışsa da, Ermənistan daha az səylə daha çox nəticə əldə edəcək. Bütün səylər isə bu iki ölkənin Qarabağa sahib olmasına deyil, Rusiyadan daha çox asılı olmasına gətirib çıxaracaq.

 

Buna görə də Rusiya ilə yaxınlaşıb Ermənistanı “təkləmək” kimi uduzulmuş olduğu əvvəldən bəlli olan xətti deyil, nə qədər çətin görünsə də Ermənistanla münasibətləri normallaşdırıb rus “sülhməramlıları”nı bölgədən çıxarmaq xətti seçilməlidir.

 

Azərbaycan və Ermənistan elitaları qəbul etməlidirlər ki, biz ölkələrimizin və xalqlarımızın gələcəyini Moskvanın inhisarına verməli deyilik. Biz–Azərbaycan və Ermənistan, ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa, demokratik prinsiplərə, insan haqlarına, hər iki dövlətin BMT tərəfindən tanınmış ərazilərində tam suverenliyinə əsaslanaraq bir-birimizin və bütövlükdə bölgəmizin təhlükəsizliyinə və sosial-iqtisadi inkişafına təminatçı olmalıyıq.

 

Hörmətli xanımlar və bəylər.

 

Biz MSDM-in bu mövqeyini təqdim edərək, sizləri müzakirəyə dəvət edirik. Azərbaycanımızın əmin-amanlıq şəraitində inkişafı, regionda ədalətli və davamlı sülhə nail olması və çağdaş dünyada layiqli yerini tutması naminə birgə çalışmağa çağırırıq”.

 

Basta