Arif Hacılı: “Ola bilər ki, Şuşanın işğalı zamanı İlham Əliyevin başı biznes işlərinə qarışdığı üçün bunları bilmir”

 

“Ola bilər ki, Şuşanın, Laçının işğalı zamanı İlham Əliyevin başı şəxsi, xırda biznes işlərinə qarışdığı üçün bunları bilmir.

 

O zaman AXC hakimiyyətdə deyildi, Müsavat isə hələ bərpa olunmamışdı.

 

AXC hakimiyyət uğrunda yox, Qarabağ uğrunda mübarizə aparırdı.

 

AXC-nin əksər rayon təşkilatları öz üzvlərindən və digər könüllülərdən müdafiə batalyonları yaratmışdı. Ordunun mövcud olmadığı şəraitdə ərazilərimizi qoruyurduq.

 

Şuşada da, Laçında da, Füzulidə də, Ağdamda da, digər təhlükə altında olan rayonlarda da özünümüdafiə batalyonlarının şəxsi heyətinin formalaşması, təchizatı ilə Xalq Cəbhəsi məşğul idi.
Biz hakimiyyət hərisi olsaq 1992- ci il martın 6-da Mütəllibovun istefasından sonra hakimiyyəti götürərdik. Bizə kim mane ola bilərdi?

 

Məhz Şuşanın, Laçının təhlükədə olduğu dövrdə hərc-mərclik yaranmasın deyə bunu etmədik. Kompromis fiqur olan Yaqub Məmmədovun prezident səlahiyyətlərini icra etməsi ilə razılaşdıq.
Növbədənkənar prezident seçkilərinə qarşı çıxdıq. Qarabağda stabilliyə, ərazilərimizin təhlükəsizliyinə təminat olanadək prezident seçkilərinin keçirilməməsini, Yaqub Məmmədovun rəhbərliyində bütün siyasi qüvvələrin birləşməsini, vahid hərbi-siyasi komandanlığının formalaşmasını təklif etdik.

 

Amma yox. Parlamentin kommunist çoxluğu bu təkliflərimizi rədd etdi.
Prezident seçkiləri təyin olundu.

 

Çünki, Mütəllibov tərəfdarları suyu bulandırıb revanş götürmək, Əliyev tərəfdarları isə yaş senzini ləğv etdirib Əliyevin hakimiyyətə yolunu açmaq istəyirdi.

 

AXC Şuşa-Laçın istiqamətində olan təhlükələri nəzərə alaraq birtərəfli qaydada bütün siyasi aksiyaları rəsmi qərarla dayandırdığı məqamda Əliyev tərəfdarları yaş senzinin ləğv olunması, Mütəllibov tərəfdarları isə onun hakimiyyətə qaytarılması tələbləri ilə fasiləsiz mitinqlər keçirirdi.
Vətənin ən çox təhlükədə olduğu o dövrdə həqiqətən də xalqın bir hissəsi Şuşanın, Laçının müdafiəsi ilə məşğulkən bəzi siyasi qüvvələr hakimiyyət davası aparır, bu vəziyyətdən yararlanmağa çalışırdı.

 

Şuşa uğrunda döyüş bölgəsində vuruşan biz idik. AXC fəalları və vətənpərvər könüllülər ya şəhid, ya qazi olduqları bir zamanda əliyevçi və mütəllibovçu qüvvələr Bakının küçə və meydanlarında hakimiyyət uğrunda mübarizə aparırdı.

 

Şuşanın işğal olunduğu 8 may 1992-ci il tarixdə Hacı Əbdülün rəhbərliyi altında Mütəllibov tərəfdarları onun hakimiyyətə qaytarılması tələbi ilə Milli Məclisin qarşısında, Əliyev tərəfdarları Hacıbala Abutalıbov, Rəfail Allahverdiyevin rəhbərliyi altında yaş senzinin ləğvi tələbi ilə Elmlər Akademiyasının qarşısındkı meydanda mitinq keçirirdilər.

 

AXC dediyim kimi bütün aksiyaları birtərəfli olaraq dayandırmışdı.

 

…Mən AXC Ali Məclisinin sədri, millət vəkili olaraq döyüşlərdə ölümcül yaralanmış qardaşım Mustafa Hacıbəylini hospitalda buraxıb, şəhid olmuş dostlarım, onların övladlarının dəfnində iştirak etmədən birbaşa döyüş bölgəsində Şuşanın və Laçının müdafiəsini təşkil etməyə cəhd göstərdiyim məqamda mənim yaşıdım olan İlham Əliyev hadisələri ya Moskvada, ya da İstanbulda televizordan izləyirdi…
Bunlar hələ unudulmayan, milyonların xatırladığı yaxın tariximizin bir damlasıdır…”.

 

Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

 

Basta