Xocalı ağrıları ilə gəlib, 2783-lə qayıdırlar 

Aramızda səmimi bir münasibət olan gənc qadın mənə: “Kəndinizə qayıdacaqsan?” sualını verəndə, özümdən asılı olmayaraq fikrimdən belə bir sual keçdi: “İnsan öz yurduna qayıtmazmı?”.

 

Özü də necə yurd − daş-daş üstündə qalmayıb. Həyat əlaməti hiss olunmur. Videoçarxlar fırlandıqca görünən mənzərələr sanki vəhşət nəğməsi söyləyir. Elə bil Ayın, Marsın və s. planetlərin canlı nəfəsi gəlməyən buz kimi soyuq səhrasına baxırsan. Fikrən 28 il əvvələ qayıdıram. O dövrün gənclərindən biri də mən idim. SSRİ adlı rəzil və qaniçən bir rejimin öz-özünə çürüyüb dağılması prosesindən istifadə edən Zori Balayan Xankəndində yaşayan etnik erməniləri də eləcə rəzillik uçurumuna atdı. Qarabağ ərazisində ən rahat və zəngin həyat şəraiti ilə təmin edilmiş bu nankorların hərəkətləri qarşısında bütün Azərbaycan əhalisi gecəsini-gündüzünü meydanlarda keçirib, Kremlə qarşı hiddətlərini yana-yana belə ifadə edirdi: “Ermənilər Xankəndində on illərdir qaz yandırır, biz isə hələ də çır-çırpı yandırırıq”. Sonrası isə hamıya məlumdur.

 

İndi isə “zorla əldə edilmiş torpaq” ehtirasına mübtəla olan qonşumuzun vəhşiliyi nəticəsində nə az − nə çox, öyrəşdiyimiz 28 illik məcburi köçkünlük həyatına əlvida deyib, çır-çırpı ilə isindiyimiz yurda qayıtmalıyıq. Qayıtmamaq olarmı?! Niyə də qayıtmayasan? O yurd, oba daha dustaq deyil axı. Yerlim Cəbrayıllının nəfəsi köksündən qopub çıxaraq dediyi kimi: “Cəbrayılım alındı! Tay (daha) mən qaçqın dəyiləm!”.

 

O müqəddəs yurdların bəzəyi sayılan insanlara “qayıdacaqsanmı?” sualı ilə müraciət edəndə, bu sorğunun əks-sədası qəbir daşları İrəvana daşınmış əzizlərinin ruhlarını incidir. Bu sual bol suları ilə kəndin bütün ehtiyaclarını ödəyən, lakin baxımsızlıqdan yolları bağlanmış kəhrizləri, dadlı cır meyvələri ilə 1941-45-in aclıq illərində kənd uşaqlarının “çörək ağacı” olan keçilməz bağları (indi o bağlardan heç bir iz qalmayıb) incidir.

 

Bəli! O insanlar bir dəqiqəsini belə o yurdsuz keçinməyiblər. Atəşkəs dövründə əsgər övladının itkisinə də, yaşayış şəraitinin dözülməzliyinə də, “torpağını qoyub qaçan” kəlməsinin  sızıltısına da dözümü qırılmaz tellərlə bağlandıqları o yurddan alıblar. İş o yerə çatmışdı ki, hər kəs Vətənin azad olunmasına inamı da itirməyə başlamışdı. Ancaq qəflətən möcüzə baş verdi. Bir-birinin ardınca düşmən dustağı olan bölgələr ildırım sürəti ilə azadlığa çıxdı. Adamı elə bir hiss bürüyürdü ki, elə bil sən özün həbsxanadan çıxmısan. Bu cür əsrarəngiz duyğular yaşamış insanlara “qayıdacaqsan?” sualını vermək sadəcə onları narahat etməkdir.

 

Əlbəttə, qayıdacaqlar! Heç şübhəniz olmasın. Xocalı ağrıları ilə gələnlərdir onlar, 2783-lə qayıdırlar! Vətəndən Vətənə dönürlər!

 

Nəzakət Muradova

Cəbrayıl rayonu, Quycaq kəndi