Biz 9 mayda nəyi bayram edirik?

Azərbaycanda hamının dilində dolaşan və yenə də deyilməyən bir mövzu.
Biz 9 mayda nəyi bayram edirik?

 

İnsanlar hər il “bütün sovet texnikasının 80% Bakı nefti ilə işləyib”, “yüzminlərlə azərbaycanlı vuruşub” və sair kimi mövzuları dilə gətirib, Moskvanın yadına salmağa çalışır ki, biz də vardıq. Bizim də babalaımız vuruşub! Və ya bunları deyərək yüzminlərlə həlak olan soydaşlarımızın , əcdadlarımızın hədər yerə vuruşmadığını özümüz-özümüzə sübut edib, yenə də özümüzü ovuduruq sanki.

Əziyyət çəkməyin, dostlar. Müttəfiq dövlətlərin “land liz”-ləri, köməyi sahəsində ayaqda qalan Kreml, heç onların haqlı payını tanımır bu qələbədə, Azərbaycanın dəstəyinimi qiymətləndirəcək? Bütün müharibə boyunca neftini yediyi Bakıya “qəhrəman şəhər” statusu vermədiyi kimi, bu “bayram da” yalnız Kremlin özünü təbliğat vasitəsi kimi qalacaq. Onlar hələ də “təkrarlaya bilərik!”, “Berlinə hücum” kimi absurd şüarlar ilə dünyada sülhə ən böyük təhlükə olduqlarını xatırladırlar sanki. Dünyaya hədə qorxu gəlirlər, necə ki, bu gün Xankəndidə, Xocalıda rus “sülhməramlıları” faktiki bu hədə-qorxunu bizə gəlirlər. Biz isə xatırlatmağa çalışırıq: biz də vardıq!..

 

Məncə isə elə biz xatırlayaq öncə. Xatırlamaq vacibdir. Xatırlayaq ki, İkinci dünya müharibəsini başladan Molotov-Ribbentrop paktına əsasən Polşaya hücüm edən Alman Reyxi və SSRİ olub.

 

 

Xatırlayaq ki, Sovetlər ikinci dünya müharibəsinin ilk hərbi paradını bərabər işğal etdikləri Polşada, almanlar ilə birgə keçirirdi. Almanlar Beneluks ölkələrini, Fransanı işğal edəndə, Kreml Baltikyanı ölkələri, Finlandiyanı, Besarabiyanı işğal edirdi.

 

“Böyük Vətən Müharibəsi”! Qələbəni mənimsəyən Moskva bizə və bütün postsovet ölkələrinə, hər imkanda başa salıb ki, onların “Böyük Vətən müharibəsində” xidmətlərini heçə sayır. Elə biz də anladıq ki, bizim Vətən müharibəmiz başqadır.

 

Ancaq yenə xatırlayaq “Böyük Vətən müharibəsinin” nəticələrini. İki tiranın , totalitar rejimin iki, iyrənc ideoloqiyanın, Hitler və Stalinin toqquşmasında Stalin qalib gəldi. Ancaq tarix göstərdi ki, iki xalqın, alman və “sovet” xalqının toqquşmasında son nəticədə elə almanlar qalib gəldi. Öz qaniçən rejimlərindən və diktatorlarından azad oldular, imperialist ideyalarından əl çəkdilər və bir müddət sonra öz iqtisadiyyatlarını bərpa edib vətəndaşlarının yaşayış səviyyəsinin yüksək olduğu demokratik bir dövlət qurdular.

 

Bəs “sovet” xalqı?

 

Öz diktatorlarından, totalitar rejimlərindən azad olmadılar, müharibə vaxtı əldə etdikləri qənimətlərə, fabrik və zavodlara baxmayaraq müharibədən sonra iqtiadiyyatlarını bərpa edə bilmədilər. “Avropanı azad etdik” deyə-deyə faktiki Avropanın yarısının işğalçısına çevrildilər. Sovetlər çökdükdən sonra da Moskvanın təfəkkürü eynidi. Elə onlar da “ 9 mayda görən nəyi qeyd edirik?” sualını özlərinə versələr pis olmaz.

 

Və xatırlayaq ki, istər “Qızıl Orduda”, istər “Azərbaycan Leqionunda” döyüşən əsgərlər ilk öncə bizim əcdadlarımızdır. Bəli, şüarı “biz yalnız azadlıq üçün vuruşuruq və heç bir qüvvə bizi saxlaya bilməz” olan Azərbaycan leqionu! Müstəgillik dövrümüzdə , sovet nostalqiyası ümumiyyətlə olmayan insanların da olduğu bu günki cəmiyyətimizdə o soydaşlarımızın arzuları bizə daha aydındır. Bu iki düşərgənin artıq barışıq dövrü çoxdan çatıb əslində. Ona görə də bu günü bayram yox, yad edək. Qızıl orduda savaşıb Ukraynada həlak olan əcdadımla, Azərbaycan leqionunda müstəgil Azərbaycan xəyalı ilə savaşıb, həlak olan soydaşlarımız arasında fərq görməməliyik. 76 il öncə bitmiş müharibədə haqlı-haqsız mübahisələri zatən artıq əhəmiyyətsizdir. Bizə həlak olan yüzminlərlə soydaşımızı yad etmək düşər ancaq.

 

Onları xatırlayaq! Xatırlayaq ki, 60 milyondan çox insanın həlak olduğu bu kimi dəhşətli müharibələr bir daha olmasın.

 

Ayxan Hacıbəyli

 

9 may 2021