Vəkil Nemət Kərimli “məcburi müalicəyə” göndərilən müsavatçılarla bağlı ombudsmanla görüşüb

Vəkil Nemət Kərimli ötən gün  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə  görüşərək, ona müdafiə etdiyi şəxslərin hüquqlarının pozulması haqda geniş məlumat verib.

 

O, görüşdə Müsavat fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun əvvəlcə həbs olunması, sonra isə narkoloji dispanserə məcburi müalicəyə göndərilməsinin qanunsuz olduğunu bildirib.

 

Qeyd edək ki, Müsavat Partiyası bu şəxslərə qarşı təzyiqlərin arxasında “müxalifətin qənimi” kimi tanınan polis zabiti Süleyman Nemətovun durduğunu bildirir.

 

Süleyman Nemətov 2020-ci il dekabrın 26-da Suraxanı rayonuna polis rəisi vəzifəsinə təyin edilib. O, yüksək vəzifədə olduğu  rayonlarda müxalifətə, xüsusilə Müsavat Partiyasının üzvlərinə qarşı xüsusi amansızlığı ilə seçilib.

 

Ombudsmanla görüşdə vəkil xatırladıb ki, Süleyman Nemətov 2011-ci ildə rəis müavini vəzifəsində  işlədiyi Nəsimi rayonunda mitinqdə iştirak edənlərə, o cümlədən müsavatçılardan Tofiq Yaqubluya və Mustafa Hacılıya özü şəxsən işgəncə verib. Onların barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulması barədə Avropa Məhkəməsinin qərarı var, lakin indiyə kimi yerli məhkəmələr həmin işlərə yenidən baxmayıb.

Süleyman Nemətov indi də Suraxanı rayonunda əməllərini davam etdirir.

 

Nemət Kərimli “Basta” əməkdaşı ilə söhbətində bildirib ki,  Nizaməli və Akif Süleymanovların təqib olunması da Nemətovun bu rayona rəis təyin edilməsindən sonra başlanıb: “Hövsan qəsəbəsində Zeytun sovxozu deyilən ərazidə Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanovun şəxsi ferması var. 2021-ci il fevralın 14-də onun şəxsi fermasında partiyanın rayon təşkilatının “Zeytun” özəyinin iclası keçirilib. İclası yekunlaşandan sonra qardaşı oğlu Akif üç nəfər dostu ilə ora gəlib. Bir qədər oturduqdan sonra axşam 10 radələrində Nizaməli qonaqları yola salmaq üçün küçəyə çıxıb, bu zaman 3 mülki, 3 polis maşını ilə gələn polislər onları saxlayaraq karantin qaydalarını pozduqlarını deyib. 20-dən çox polis onun mülkiyyət hüququna zidd olaraq həyətə daxil olub, telefon ilə çəkiliş aparıblar, iclas keçirilmiş otağa daxil olub seyfi açıblar, qanunsuz olaraq orada axtarış edib, zibil qabından siqaret kötüklərini yığıblar. Nizaməli Süleymanovu, onun qardaşı oğlu Akif Süleymanovu və onun üç dostunu 30-cu polis bölməsinə aparıblar. Orada sahə rəisi bildirib ki, otağınızda partiya iclaslarının keçirildiyi barədə məlumatlar almışıq. Belə toplantıların keçirilməməsi barədə onlara xəbərdarlıq ediblər və saxlamanı karantin qaydalarının pozulması adı ilə rəsmiləşdiriblər”.

 

“Onlar bütün gecəni polis böıməsində saxlanılıb. Mən Nizamiəli və Akif Süleymanovlarla sonradan narkoloji dispanserdə görüşdükdə, bildirdilər ki, təxminən səhər saat 6-ya yaxın qaldığımız yerə bir neçə nəfər saldılar, guya karantin qaydaların pozublar, siqaret çəkməyə başladılar, bundan sonra biz bunun siqaret iyi  olmadığını hiss etdik. Yəqin ki, siqaret kötüklərdə narkotik maddə aşkar edilmədiyindən, S. Nemətov belə addıma əl atıb. Onlar təxminən səhər saat 10-00 da Respublika Narkoloji Mərkəzdə narkoloji ekspertizadan keçirilib və sidiklərində THC(+) mariaxuana aşkar edilməsi barədə ekspert rəyi verilib. Onlar polis idarəsində 16 saat saxlanıldıqdan sonra, günorta saat 14:00-da sərbəst buraxılıblar. Halbuki inzibati qanunverivciliyə əsasən bir neçə istisnalar nəzərə alınmaqla, 3 saatdan artıq tutma ola bilməz” – deyə, Nemət Kərimli vurğulayıb.

 

Nizaməli və Akif Süleymanovlar

 

Süleymanovlar bundan sonra da siyasi fəaliyyətlərini davam etdirdikləri üçün, onlara qarşı planın ikinci hissəsi işə salınıb.

 

Aprelin 5-də səhər saatlarında sahə müvəkkili Nizaməli Süleymanova, qardaşı oğlu Akif Süleymanovu zəng edərək deyib ki, 30-cu polis bölməsinin rəisi onları qəbul etmək istəyir.

 

Vəkilin sözlərinə gorə, onları  bölmənin həyətində və otaqda gözlədiblər, bəzi sənədlərə qol çəkidiriblər, latın qrafikası ilə oxuya bilmədikləri üçün məzmunu bilmədən imza ediblər: “Axşamüstü hər ikisini Sabunçu Rayon Məhkəməsinə aparıblar. Burada, 20 sutka inzibati qaydada həbs və narkotik asılılığından məcburi müalicə təyin edilib. Məhkəmə qərarında qeyd edilib ki, guya onlar əməllərindən peşmandılar, lakin belə söz deyilməyib, onlar 14 fevralda və 5 apreldə baş verənlərdən danışıblar. Məhkəmə iclasının audio və video yazısına baxmaqla buna asanlıqla müəyyən etmək olar”.

 

Onlara məhkəmədə formal vəkil təyin edilib, guya əməllərindən peşman olmaqları barədə iclas protokolu saxtalaşdırılıb.

 

Nemət Kərimli bildirib ki, qanunvericiliyə əsasən narkotik asılılıqdan məcburi müalicə 6 aydan iki ilə qədərdi: Süleymanovlar inzibati həbsdən sonra narkoloji tibbi müəssisəyə köçürülüblər, orada müayinə olunarkən qanlarında narkotik maddə, narkotik asılılıq müəyyən edilməyib və hal-hazırda heç bir müalicə kursu keçirilmir. Xəstəxanada onlara bildiriblər ki, əgər yanınızda narkotika çəkən olsa, tüstüsün udduğunuza görə, sizin də qanınızda onun izləri aşkar olunacaq”.

 

Ombudsmanla görüşdə Nemət Kərimli həmçinn iyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin qarşısında orduya həmrəylik mitinqində iştirak etdikləri üçün cinayətdə ittiham olunan AXCP fəallarının pozulan hüquqlarından da danışıb.

 

Vəkil, hüquqlarını müdafiə etdiyi Laçın Vəliyevin həmin iş üzrə təqsirləndirilən müxalifətçilərin əleyhinə yalan ifadə vermədiyi üçün martın 12-də  Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparıldığı və 2 gün orada qanunsuz saxlanıldığı,  bundan sonra  martın 22-də  Sabunçu RPİ-nin 12-ci bölməsinin işçiləri tərəfindən həbs edildiyi və ona törətmədiyi cinayəti etiraf etmək üçün işgəncələr verildiyini bildirib.

 

Nemət Kərimlinin sözlərinə görə, Səbinə Əliyeva görüşdə qaldırılan məsələləri diqqətdə saxlayacağı və səlahiyyətləri daxilində köməklik edəcəyin bildirib.

 

“Görüşdə həm də vəkilliklə bağlı ümumi problemlərdən də danışıldı. Bildirdim ki, vəkillər sübutları əsasən sorğular vasitəsilə yığır və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununa əsasən mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə təşkilatlar, dövlət orqanları vəkillərin sorğularını cavablandırmalıdırlar. Lakin əksər vaxtlarda sorğulara cavab verilmir, çünkü bu normanın pozulması ilə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Təklif etdim ki, İnzibati Xətalar Məcəlləsinə vəkil sorğusunu cavablandırmamaqla bağlı maddə əlavə edilsə, bu sahədə irəliləyiş olar, bu həm müdafiənin keyfiyyətini artırar, həm də vəkilin nüfuzuna müsbət təsir edər” – deyə Nemət Kərimli bildirib.

 

“İkinci təklif kimi bildirdim ki, hər bir vəkilin özü orderə, blanka və möhürə malik olsa və sərbəst müqavilə bağlaya bilsə, bu da vəkillik sahəsində böyük irəliləyiş olar.  Səbinə Əliyeva təkliflərlə məşgul olacağını bildirdi” – deyə Nemət Kərimli əlavə edib.

 

Basta