Arif Hacılı Elçibəyin doğum günündə o taylı, bu taylı bütün Azərbaycan xalqını təbrik etdi
«Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinə görə fəxr etməyimiz yalnız Cənubi Qafqazın əksər torpaqlarını əhatə edən bir ərazidə dövlətimizin olmasına görə deyil. AXC həm də bəşəriyyətə nümunə ola biləcək demokratik quruluşa malik bir dövlət idi. Bu dövlət xalqımızın kimliyini bir daha müəyyən etməklə yanaşı, milli imzamızı əbədi olaraq imzalar içinə qatdı.
Ötən əsrin əvvəlində mövcud olmuş Cümhuriyyətimiz Rusiya və digər dünya gücləri tərəfindən süquta uğradılsa da bu dövlət xalqımızın istinad nöqtəsinə, bu dövləti quranlar isə milli simvollarımıza çevrildi.
Böyük Rəsulzadənin dediyi kimi bir dəfə yüksələn bayraq bir daha enmədi.
1992-93 cü illərdə mövcud olmuş AXC-Müsavat hakimiyyəti
həm hüquqi, həm siyasi, həm də mənəvi cəhətdən 1918-20 ci illərdə mövcud olmuş Cümhuriyyətin varisi olduğu kimi Əbülfəz Elçibəy də hər cəhətdən M.Ə. Rəsulzadənin varisidir.
Ötən əsrin əvvəlində Rəsulzadənin liderıiyində qurulan dövlətimiz, əsrin sonunda Elçibəyin liderliyində bərpa edildi.
Elçibəy də Rəsulzadə kimi, yalnız Azərbaycanın istiqlalı üçün yox, həm də demokratik, hüquqi dövlətin qurulması üçün çalışırdı.
Rəsulzadənin davamçısı olan Elçibəy özünü Atatürkün əskəri adlandırmışdı.
Atatürk mövhumatçı cəmiyyəti olan ölkədə sivil dünyəvi bir dövlət qurdu.
O yeni ideyaları bəzən zorakılıqla həyata keçirirdi.
Bunun üçün uzun əsrlər boyu dövlətçilik təfəkkürü möhkəmlənmiş xalqı, iradəsinini həyata keçirmək gücündə olan ordusu vardı.
Elçibəy isə kommunist təfəkkürlü, elitası “SSRİ-dən ayrılsaq məhv olarıq”, düşüncəsində olan, hətta öz milli kimliyini bu günədək mübahisələndirən bir cəmiyyətlə qısa müddətdə demokratik, azad bir dövlət qurmaq istəyirdi. Bu iradəni həyata keçirilmək üçün möhkəm dövlət aparatı yox idi. Hətta olsa da Elçibəy bu gücdən istifadə etmək niyyətində deyildi.
Köhnə dövlət aparatının, mövcud olmuş iqtisadi münasibətlərin dağılıb yenisinin qurulmadığı, daim ərazilərimiz uğrunda müharibənin getdiyi bir dövrdə daxili opponentlərə qarşı dövlət strukturlarının gücündən istifadə etmədən, təkbətək mübarizə aparırdı. Çünki, insanlara, xüsusilə Azərbaycan insanına hədsiz dərəcədə inanırdı.
Üzərinə silahla gələnləri maarifləndirmə yolu ilə məğlub etmək istəyirdi.
Elçibəy ideyalarının həyata keçirilməsi naminə başlatdığı böyük mübarizə yolunu başa çatdıra bilməsə də xalqımız üçün simvol şəxsiyyətlərdən birinə çevrildi.
50 milyonluq Azərbaycan xalqının birlik, bərabərlik simvolu, istiqlalçılıq, türkçülük, azərbaycançılıq, azad insan, azad cəmiyyət simvolu olan Elçibəyi, məhz bu xüsusiyyətlərinə görə hədəf seçənlərdən qorumaq Azərbaycan vətənsevərlərinin borcudur.
Böyük liderimiz Əbülfəz Elçibəyin doğum günü münasibətlə o taylı, bu taylı bütün Azərbaycan xalqını təbrik edirəm».
Arif Hacılı
Müsavat Partiyasının başqanı