“Azərbaycanlı”, Azərbaycan türkü və ya sadəcə türk
Aydın Balayev
XIX əsrin başlanğıcında Şimali Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalından sonra çarizmin ölkənin türk əhalisinə münasibətdə yeritdiyi müstəmləkə siyasətinin bir-birilə üzvi şəkildə əlaqəli olan iki əsas məqsədi var idi – bir tərəfdən, yerli əhalinin dini mənsubiyyət və mədəniyyət baxımından yaxın olduqları şiə İranının onlara təsirini minimuma endirmək, digər tərəfdən isə, onların dil və mənşəcə eyniyyət təşkil etdikləri sünni Türkiyəsi ilə yaxınlaşmasına imkan verməmək.
Bu baxımdan birmənalı şəkildə demək olar ki, bir rus layihəsindən başqa bir şey olmayan xüsusi “azərbaycanlı kimliyi”nin və “Azərbaycan xalqı”nın formalaşması öz başlanğıcını XIX əsrin ortalarından götürür. Və M.F. Axundov ilə ona yerli dialektdə pyeslər yazmağı sifariş verən Qafqaz canişini M. Vorontsov qeyri-ixtiyarı olaraq bu prosesin katalizatoru rolunda çıxış edirdilər.
Türk tədqiqatçısı İ. Yüksel çox haqlı olaraq göstərir ki, “Azərbaycan türklərini kültürel yöndən əsirlərcə nüfuzunda qaldıqları şiə-İran təsirindən qurtarmaq istəyən və bunda siyasi bir mənfəət də görən çarlıq Rusiya idarəsi, əvvəlcə bu dildə (Azərbaycan türkcəsində – A.B.) sadələşmə və xalq dilinə yaxınlaşma cərəyanını müdafiə və təşviq etmişdi. Rusiya, Azərbaycan türk dilinin ortaya çıxmasıyla, o zamana qədər Azərbaycanda ədəbi dil olan frascanın yerini türkcəyə verəcəyi və İran nüfuzunun Şimali Azərbaycandan qalxacağı, ruslaşdırma siyasətinin daha gerçəkləşdirə biləcəyi düşüncəsiylə məhəlli Azərbaycan türkcəsindən istifadəni dəstəklədi.
Hətta o çağda Azəri türk ləhcəsinin qrammatikasını bəzi rus dilçiləri yazmağa başladılar”.
Digər tərəfdən, yerli ləhcəyə ədəbi forma verilməsi Azərbaycan əhalisinin türk ləhcəsinin Osmanlı dilindən ayrılmasına və aralarındakı fərqlilik proseslərinin dərinləşməsinə kömək etməli idi.
Aydındır ki, bu siyasət Rusiyanın müstəmləkə qaynaqlanırdı və obyektiv olaraq çarizmin bölgədəki mövqelərinin möhkəmlənməsinə xidmət edirdi.
Ədalət naminə qeyd etməliyik ki, bu siyasətin həyata keçirilməsinə M.F. Axundov və M. Vorontsovun canişinlik dönəmindən xeyli öncə başlanmışdı. Belə ki, Azərbaycanın işğalının ilk illərində general Yermolov “tatarlar yaşayan yerlərə göndərdiyi əmrlərlə, əhalinin farsca yazmasını qadağan edərək, öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdü. Bundan sonra hər yerdə, müxtəlif qaydalarda olsa da, yazı işləri tatar dilində aparılmağa başlanmışdı”.
Rus yetkililəri ümid edirdilər ki, o zamana kimi Azərbaycanın mədəni həyatında hökmranlıq edən fars dilinin Azərbaycan dili ilə əvəzlənməsi yerli əhalinin assimilyasiyasını asanlaşdıracaqdır. Onlar güman edirdilər ki, müsəlman dünyasının iki əsas dilindən biri olan, çoxəsrlik ənənələrə malik fars dilindən fərqli olaraq, Azərbaycan dili ilə “haqq-hesab çəkmək” elə də çətin olmayacaqdır.
Qeyd etmək lazımdır ki, çar rejiminin bu təcrübəsi, öz siyasi maraqları naminə mövcud etnik qrupları süni şəkildə parçalayaraq yeni toplulukların yaradılması ilə məşğul olan bolşeviklər tərəfindən sonralar fəal şəkildə istifadə edildi. Belə ki, inzibati-ərazi dəyişiklikləri pərdəsi altında bolşeviklər bir çox Qafqaz xalqlarının tarixən formalaşmış vahid ərazilərini parçalamaq və xırdalamaqla məşğul idilər. Məsələn, sovet rejimi eyni dildə danışan türk mənşəli vahid qaraçay-balkar etnosunun ərazisini iki fərqli inzibati vahidin tərkibinə daxil edərək, onların parçalanması və bir-birindən uzaqlaşması proseslərinə təkan vermiş oldu. Eyni dildə danışan qafqazdilli kabardin və çərkəzlər də oxşar aqibəti yaşadılar. Nəticə etibarı ilə, balkarla kabardinlər Kabarda-Balkar Muxtar Respublikasının tərkibinə daxil oldular, qaraçaylar isə etnik mənşəyinə görə onlara tamamilə yad olan çərkəzlərlə birlikdə Qaraçay-Çərkəz Muxtar Vilayətini təşkil etdilər.
Belə bir “eksperiment” nəticəsində iki vahid etnosdan dörd müstəqil xalq – balkarlar, qaraçaylar, kabardinlər və çərkəzlər əmələ gəldi.
Lakin sovet rejiminin bu cür “millət quruculuğu”nun ən tipik nümunəsi, ingilis tədqiqatçısı D. Deletantın “SSRİ-nin ən süni milləti” adlandırdığı moldavanlardır. Fakt budur ki, yüzilliklər boyunca moldavanlar rumın etnosunun ayrılmaz tərkib hissəsi olduğu üçün heç bir müstəqil moldavan etnosu mövcud olmamışdır. F. Engels hələ XIX əsrdə yazırdı ki, “Bessarabiyada (yəni indiki Moldovada – A.B.) rumınlar yaşayır”.
Bu gün “Moldova milləti” adlandırılan topluluğun inşasına 1812-ci ildə Dnestr və Prut çayları arasındakı rumın torpaqlarının Moldova adlanan bir hissəsinin Rusiya tərəfindən ilhaqı ilə başlanmışdır. Lakin “Moldova milləti”nin inşası prosesi, 1940-cı ildə Hitlerlə Stalinin gizli sövdələşməsi əsasında bu torpaqların qəti olaraq SSRİ-nin tərkibinə daxil edilməsindən sonra xüsusilə böyük vüsət almışdır.
Beləliklə, rus yetkililəri “divide et impera»” (parçala və hökm sür) prinsipi ilə hərəkət edərək, Dardaneldən Xəzərin qərb sahillərinə kimi uzanan vahid türk etnik massivini ayrı-ayrı müstəqil, lakin xırda və köməksiz toplumlara bölməyə çalışırdılar.
Azərbaycanın türk əhalisinin həmin massivin periferiyasında (mərkəzdən uzaq yerdə, ən ucqarında), yad etnik ünsürlərlə bilavasitə təmas xəttində yerləşməsi bu məqsədin həyata keçirilməsini daha da asanlaşdırırdı. Buna görə də Azərbaycan türkləri tarixən yad təsirlər və hər şeydən öncə İran təsirinə qarşı daha açıq və həssas olan ən zəif bənd olmuşlar. Məhz bu səbəbdən yüzilliklər ərzində azərbaycanlıların etnik yaddaşı və şüuru böyük deformasiyalara uğramışdı ki, bu da onları çar rejiminin müxtəlif manipylyasiyaları üçün əlverişli hədəfə çevirirdi. Bu baxımdan, Səfəvilər tərəfindən əsası qoyulmuş Azərbaycan türkləri ilə Anadolu türkləri arasında fərqlərin dərinləşdirilməsi və onların bir-birindən uzaqlaşdırılması siyasətti XIX əsrdə ruslar tərəfindən mənimsənilərək davam etdirildi.