Müsavat başqanından önəmli mesajlar

“Minsk Qrupu yenidən bu prosesə müdaxilə etmək imkanları əldə edəcəksə,  münaqişənin həlli bir qədər də çətinləşəcək.  Yox, əgər dünya gücləri şərt olaraq bu məsələni irəli sürüb Azərbaycana qarşı sanksiyalar və digər addımlar atmaq istəsələr, Azərbaycan tərəfi Minsk Qrupunun tərkibinin dəyişdirilməsi və ya tərkibinin Türkiyə və Böyük Britaniyanın hesabına genişləndirilməsinə nail olmalıdır”.

 

Bunu Müsavat başqanı Arif Hacılı  Hafta.az saytına müsahibəsində deyib.

 

“Regionda Böyük Britanıyanın ciddi maraqları var. Eyni zamanda Azərbaycanın Türkiyə ilə birbaşa sərhəddə olması və burada Türkiyənin ciddi maraqlarının olması da bizə bu dövlətləri Minsk Qrupu  həmsədrləri kimi nizamlanma prosesində  iştirak etməyə cəlb etməyə məntiqi əsaslar verir. Biz buna nail olmalıyıq. Fransanın konkret olaraq Yuxarı Qarabağ məsələsidə tutduğu mövqeni unutmaq lazım deyil.  Hansı xoş mesajlar gəlsə də, Fransa özünün mövqeyini dəyişməyəcək. Fransa ilə Ermənistan arasında əsrlər boyu davam edən yaxın münasibətlər var.  Fransadan gələn hər hansı mesajlara görə yenidən Fransanı bu proseslərə daxil etmək Azərbaycanın mənafelərinə ağır zərbə olar” – deyə, Arif Hacılı vurğulayıb.

 

Müsavat başqanı qeyd edib ki, hakimiyyət 44 günlük müharibə dövründə Müsavat Partiyasının irəli sürdüyü təklifərin çoxunu yerinə yetirsə də, mühribədən sonra verilən təkliflərə məhəl qoymayıb: “Müsavat Partiyası bu prosesləri daim nəzarətdə saxlayır. Partiyamız müharibə dövründə çox fəal oldu. Ölkədə vətəndaş cəmiyyəti birliyinin yaranması, orduya dəstək, cəmiyyətə ruh yüksəkliyinin yaranması üçün əlimizdən gələni etdik. Sentyabrın 27-də Müsavat Partiyasının Məclisi tərəfindən qəbul olunmuş 27 sentyabr bəyannaməsi yayıldı. Burada həm Qarabağın nizamlanması prosesi, ölkədə islahatların keçirilməsi, eyni zamanda iqtisadi sahədə  görüləcək işlər barədə öz fikirlərimizi açıq şəkildə diqqətə çatdırmışıq… Təəssüf ki, müharibədən sonra verdiyimiz təkliflər, bu məsələ ilə bağlı ictimaiyyətə açıqladığımız mövqelər hakimiyyət tərəfindən diqqətə alınmır.

 

Arif Hacılı Müsavat təmsilçilərinin işğaldan azad olunan ərazilərə getməkdən imtina etdiyi barədə iddianı təkzib edib: “Şuşaya getməklə bağlı istəyimi hakimiyyətin nümayəndələrinə çatdırmışam. Mənim qardaşım Mustafa Hacıbəyli I Qarabağ müharibəsində, Şuşa uğrunda döyüşlərdə yaralanmış qazidir. Xeyli müddətdir ki, Şuşaya getmək üçün müraciət edib, ancaq  hələ ki, imkan yaradılmayıb.

 

“İqtidarın təşkil etdiyi və siyasi partiyaların da iştirak etdiyi onlayn konfransda niyə iştirak etmək istəmədiz” sualına cavab olaraq Arif Hacılı bildirib ki, Müsavat müzakirələrə hazırdır: “Ölkədə müxalifət partiyalarının kim olması hər kəsə məlumdur.  Hakimiyyət dialoq istəyirsə,  Müsavat Partiyasının 27 sentyabr Bəyannaməsində açıqladığımız mövzularla bağlı hakimiyyət nümayəndələri ilə müzakirə apara bilərik”.

 

Hazırda Azərbaycanda “5-ci kolon”un öz fəaliyyəti xeyli dərəcədə leqallaşdırdığı deyən Arif Hacılı, xarici dövlətlərin maraqlarına xidmət edən şəbəkələrə qarşı mübarizənin gücləndirilməsini təklif edib: “Xüsusilə II Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə sosial medianı izləyən hər hansı şəxs  “5-ci kolon”un kimlərdən ibarət olduğunu aydın şəkildə görə bilər. Rusiyanın, İranın  Azərbaycana qarşı olan mövqelərini müdafiə edən, ona müsbət görüntü verməyə çalışan şəxslər son dövrlər öz mövqelərini açıq şəkildə ortalığa qoyurlar.  Belə şəxslər, qruplar var. Müsavat Partiyasının 27 sentyabr bəyannaməsində bu da əksini tapıb ki, sosial mediada Azərbaycana qarşı işləyən şəbəkələrə qarşı mübarizə gücləndirilsin”.

 

Arif Hacılı qeyd edib ki, bu gün üçün Azərbaycanın suverenliyini ən böyük təhlükə Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşdirilməsidir və bu problem ən geci 4 il ərzində həll edilməlidir: “10 Noyabr atəşkəs Bəyanatından sonra deyilirdi ki, Rusiya bu prosesdə hansı səviyyədə iştirak edəcəksə, Türkiyə də  o səviyyədə iştirak edəcək. Təəssüf ki, belə olmadı. Türkiyə nəinki nizamlanma prosesində Rusiya ilə birlikdə iştirak edə bilir, hətta Rusiya-Türkiyə Müşahidə Mərkəzinin özü belə formal xarakter daşıyır. Bu missiyanın Türkiyədən olan nümayəndələri hətta yuxarı Qarabağ ərazisinə buraxılmayıb…  Rusiya hərbçilərinin yuxarı Qarabağda yerləşməsi yalnız  Azərbaycanın bu ərazisi üçün yox, bütövlükdə dövlətin suverenliyi üçün təhlükədir. Bunu Azərbaycan cəmiyyəti, xalqı, hakimiyyəti nəzərə almalıdır. Bu təhlükənin qarşısını almaq mümkün olduqca daha tez, ən geci  4 ildən sonra həll olunmalıdır. Rus silahlı qüvvələrin  Azərbaycan ərazisindən çıxarılmasına nail olmaq üçün  durmadan düşünməli və bu istiqamətdə xarici siyasətdə, xüsusilə diplomatik sahədə təşəbbüskarlığı artırmalıyıq”.

 

Basta