Ramiz Mehdiyevi AMEA prezidenti vəzifəsində Arif Həşimov əvəzlədi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini müvəqqəti olaraq qurumun birinci vitse-prezidenti Arif Həşimov icra edəcək. Bu qərar AMEA-nın ali idarəetmə orqanı olan Ümumi Yığıncaqda qəbul olunub.

Fevralın 14-də AMEA-nın Prezidenti Ramiz Mehdiyev istefasını elan edib.

“Nizamnaməyə uyğun olaraq, akademik Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub”, – şənbə günü AMEA-nın yaydığı məlumatda deyilir.

Bir müddətdir ki, 84 yaşlı Ramiz Mehdiyevin ünvanına iqtidaryönlü siyasətçilərdən, elm adamlarından sərt tənqidlər səslənirdi. Onun Elmlər Akademiyasındakı fəaliyyətini tənqid edənlər Ramiz Mehdiyevi istefa verməyə çağırırdılar.

Keçmiş təhsil naziri Misir Mərdanov LAF TV-yə müsahibəsində iddia edib ki, millət vəkilliyinə keçmiş namizəd Bəxtiyar Hacıyevin Amerika Birləşmiş Ştatlarında təhsil almaq üçün dövlət xəttilə göndərilməsinə Ramiz Mehdiyev mane olub.

Ramiz Mehdiyev bu iddiaya hələ ki, cavab verməyib. Ramiz Mehdiyev bildirib ki, Elmlər Akademiyasının prezidentliyindən onunla bağlı yayılan məlumatlara görə yox, yaşına görə istefa verib.

Elmlər Akademiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, akademik Ramiz Mehdiyev “son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə” qərar verib.

Elmlər Akademyasının mətbuat xidmətinin məlumatına görə, Ramiz Mehdiyev bildirib ki, ölkə başçısı Prezident İlham Əliyevə müraciət edib.

“Məlum edirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu göndərərək uzun illər dövlət başçımızın rəhbərliyi ilə Administrasiyanın rəhbəri işlədiyim dövrdə və Akademiyanın prezidenti kimi fəaliyyətimdə mənə göstərdiyi yüksək etimada, diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmişəm”.

Bundan əvvəl Ramiz Mehdiyev bildirib ki, ölkə başçısı Prezident İlham Əliyevin ona münasibəti “isti olub”.

“Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”, Ramiz Mehdiyev bildirib.

Bu həftə Ramiz Mehdiyevin köməkçisi polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya bildirib ki, Eldar Əmirov nazirliyə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb.

Həmin məlumatın nədən ibarət olduğunu açıqlamayan Elşad Hacıyev bu istiqamətdə araşdırmaların davam etdiyini deyib.

Eldar Əmirovun saxlanılmasının Ramiz Mehdiyevin istefası ilə əlaqəli olub-olmaması hələlik bəlli deyil.

BBC