Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası icra katibinin müavini vəzifəsindən istefa verib. 

Yeni Azərbaycan Partiyası (YAP) bildirib ki, Siyavuş Novruzov  bununla bağlı partiya sədri, ölkə pezidenti İlham Əliyevə müraciət edərək, vəzifəsindən azad olunmasını istəyib.

YAP Siyavuş Novruzovun istefa səbəbləri barədə əlavə məlumat verməyib.

Onun istefası Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində toy etməsi xəbərinin ictimaiyyətə sızması və bundan sonra qudaların həbsi, mərasimə qatılan digər qonaqların cərimə olunması ərəfəsinə təsadüf edir. 

Siyavuş Novruzov həmin toyda iştirak etdiyini yerli mediaya təsdiqləyib. Daxili İşlər Nazirliyi Siyavuş Novruzov və onun xanımı, hazırda ölkənin Ombudsmanı olan Səbinə Əliyevanın da cərimə olunanlar arasında olduğunu bildirib.

Azərabycanda koronavirusa görə karantin rejimi tətbiq edilib və kütləvi mərasimlər, o cümlədən toy və yas mərasimləri qadağan olunub. 

Siyavuş Novruzov: Ramiz Mehdiyev “Cənab Prezidentdən icazəsini almışam” demişdi

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik,” Facebook sosial şəbəkəsində deputat Siyavuş Novruzovun adına olan səhifədə bildirilir.

Bu səhifənin rəsmi olaraq cənab Novruzova aid olub-olmadığını özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

Toyda iştirakına görə təəssüfləndiyini açıqlayan Siyavuş Novruzov bildirib ki, “Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir.”

“Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar,” o qeyd edib.

Bu paylaşımla bağlı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdən şərh almaq mümkün olmayıb.

Paylaşımda bildirilir ki, hakim partiya üzvü Siyavuş Novruzovun Prezident Administrasiyasının keçmiş rəhbəri ilə “münasibətləri kifayət qədər soyuq olub”.

“Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir,” paylaşımda bildirilir.

Cərimə olunanlar kimlərdir?

Cərimələnənlər

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha 6 nəfər cərimələnib.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, onun həyat yoldaşı, Eurovision-2008 mahnı müsabiqəsinin 3-cü yer mükafatçısı Aysel Adıgözəlzadə , Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

“Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib”, məlumtda qeyd olunub.

İlham Əliyev
Şəklin alt yazısı,İlham Əliyev məhkəmə tərəfindən karantin qaydalarını pozmaqda təqsirli tanınıb

Ötən gün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmə tərəfindən karantin qaydalarını pozmaqda təqsirli tanınıb. İlham Əliyevlə yanaşı onun yeni qudası Rövşən Mustafayev karantin rejiminin pozulmasına görə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bu qərar Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin “toy mərasimindən” çəkilən videogörüntülərin yayılması ardınca elan olunur.

Məhkəmə prosesi ilə bağlı xəbərində toy görüntülərinin “ictimai qınağa” səbəb olduğunu yazan Azertag agentliyi qanun qarşısında “hamının bərabər” olduğunu qeyd edir.

“Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar”.

Məlumatda deyilir ki, Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlamaq mümkün olmayıb. O, Ramiz Mehdiyev gün ərzində belə bir mərasimin keçirilib-keçirilmədiyini mətbuata nə təsdiq, nə də təkzib edib.

Nə baş verib?

Yerli mətbuat toyun avqustun 18-də Novxanıda bağ evində keçirildiyini bildirir.

Məhkəmə
Şəklin alt yazısı,Rövşən Mustafayev da məhkəmə qarşısına çıxarılıb

Videoda Ramiz Mehdiyev, Ombudsman Səbinə Əliyeva, millət vəkili Siyavuş Novruzov görünür.

Siyavuş Novruzova töhmət verildi

BBC News Azərbaycanca mərasimdə iştirak etdiyi deyilən, hakim YAP partiyasının icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzovla əlaqə saxlaya bilməyib. Şənbə günü isə YAP partiyası Siyavuş Novruzova karantin rejiminin tələblərini “kobud sürətdə” pozduğuna görə töhmət verib.

Toy barədə internetdə yayılan kadrlarda sosial məsafənin qorunmadığı, qonaqların tibbi maskadan istifadə etmədiyi, yalnız görüntülərə düşən ofisiantların maska taxdığı görünür.

Azərbaycanda avqustun 31-dək xüsusi karantin rejimi qüvvədədir və bütün kütləvi mərasimlər, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Ramiz Mehdiyev, toy, karantin, bu gün
Şəklin alt yazısı,Mediada yayılan videodan görüntü

Həmçinin, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda toplaşması, bütün kütləvi tədbirlər qadağalar siyahısındadır. İndiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 35 mini, ölənlərin ümumi sayı isə 500 nəfəri keçib.

AMEA-nın mətbuat şöbəsinin rəhbəri Ağahüseyn Şükürov BBC News Azərbaycancaya deyib ki, o, yalnız “Elmlər Akademiyasına aid suallara cavab verə bilər”.

“Bu, şəxsi məsələdir, mən bilmirəm. Akademiyaya aid sualınız varsa, cavablandırım. Şəxsi məsələləri mən necə cavablandırım?” – o deyib.

Ombudsman Aparatından BBC News Azərbaycancaya yalnız “görüntülərə baxıldıqdan sonra cavab veriləcəyi” bildirilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ombudsman Səbinə Əliyevanın karantin müddətində iddia edilən mərasimdə iştirak edib-etməməsi ilə bağlı sualının cavabında “bu barədə rəhbərliyə məruzə etməli olduğunu” bildirib.

toy, ramiz mehdiyev
Şəklin alt yazısı,Mediada yayılan videodan görüntü

Videoda bir şəxs “Ramiz müəllim” xitabı ilə tost deyərək onun dövlət qarşısında xidmətlərindən danışır.

Sosial mediada bu səsin BDU-nun keçmiş rektoru Abel Məhərrəmova aid olduğu iddia olunur.

Abel Məhərrəmov Report agentliyinə açıqlamasında “Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini” deyib.

“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb. Mən evdə istirahət edirəm. Sağ olun!” – o, sayta deyib.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü keçirilən brifinqində karantin vaxtı toy keçirilməsi ilə bağlı deyib ki, “bu proseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycanaya karantin müddətində keçirildiyi iddia edilən bu mərasim barədə hər hansı açıqlama verilməyib.

DİN bundan əvvəl karantin müddətində mütəmadi olaraq, Azərbaycanda gizlin şəkildə keçirilən toy və nişan mərasimlərinə polisin müdaxilə etdiyini və iştirakçıların cərimə olunduğu barədə məlumatlar paylaşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycanaya bu məsələ ilə bağlı “hazırda hər hansı cavabım yoxdur” deyib.

BBC