Müsavat Partiyası nizamnaməyə dəyişiklik etdi
Dekabrın 2-də Müsavat Partiyasının 10-cu növbədənkənar qurultayı keçirilib.
Partiyadan verilən məlumata görə, qurultayda Siyasi partiyalar haqqında yeni qanunun tələbinə uyğun olaraq nizamnaməyə dəyişikliklər edilib. Qurultayda həmçinin Azərbaycanda repressiyaların yeni dalğası ilə əlaqədar bəyanat qəbul edilib.
Bildirilir ki, 173 qurultay nümayəndəsinin qeydiyyatdan keçdiyi toplantıda nizamnaməyə Siyasi partiyalar haqqında qanunun 13-cü maddəsində nəzərdə tutulan aşağıdakı dəyişiklilər edilib:
Maddə 13.
Siyasi partiyanın nizamnaməsi və proqramı
13.1. Siyasi partiyanın hər bir şəxsin tanış olmaq imkanı olan nizamnaməsi və proqramı olmalıdır. Nizamnamə və proqram təsis yığıncağında qəbul edilir. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın nizamnaməsində və proqramında dəyişikliklər, həmçinin yeni nizamnaməsi və proqramı bu Qanunun 13.4-cü maddəsinin ikinci cümləsinə və 14.2.1-ci maddəsinə uyğun olaraq qəbul edilir.
13.2. Siyasi partiyanın nizamnaməsində aşağıdakılar nəzərdə tutulmalıdır:
13.2.1. siyasi partiyanın adı və qısaldılmış adı (olduğu halda);
13.2.2. siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı);
13.2.3. siyasi partiyanın məqsədi, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri;
13.2.4. siyasi partiyada üzvlük məsələləri (üzvlüyə qəbul və xitam verilməsi, üzvlərin qeydiyyatı, intizam tənbeh tədbirləri, üzvlük haqlarının ödənilməsi və s.);
13.2.5. siyasi partiya üzvlərinin hüquq və vəzifələri;
13.2.6. siyasi partiya üzvlərinin partiyadaxili şikayət etmək qaydası;
13.2.7. siyasi partiyanın orqanları və struktur qurumları, onların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri;
13.2.8. partiyadaxili qərarların, o cümlədən nizamnamənin və proqramın qəbulu və onlarda dəyişikliklər edilməsi, siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi barədə qərarın qəbulu qaydası və buna nəzarət formaları;
13.2.9. siyasi partiyanın fəaliyyətinin maddi təminat məsələləri (gəlir, xərclər, əmlak, maliyyə hesabatı, mühasibat uçotu və s.).
13.3. Nizamnamədə siyasi partiyanın fəaliyyəti ilə bağlı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına zidd olmayan başqa müddəalar da nəzərdə tutula bilər.
13.4. Siyasi partiyanın proqramında partiyanın fəaliyyətinin prinsipləri, hədəf və vəzifələri, həmçinin hədəf və vəzifələrin yerinə yetirilməsi vasitələri nəzərdə tutulmalıdır. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın proqramında dəyişikliklərin edilməsi, həmçinin yeni proqramın qəbul edilməsi səlahiyyəti siyasi partiyanın nizamnaməsi ilə qurultaya və ya qurultayarası kollegial idarəetmə orqanına verilə bilər.
13.5. Nizamnamədə və proqramda dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
13.6. Siyasi partiya dövlət qeydiyyatına alındıqdan sonra nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.