Azərbaycan və Ermənistan ilk dəfə birgə, vasitəçi olmadan bəyanat veriblər
Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıb.
Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Onlar əsirlərin dəyişdirilməsinə razılaşıblar.
Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad edəcək.
Birgə bəyanat aşağıdakı 3 məsələni əhatə edir:
1. Hərbçilər azad olunur
“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir”, bəyanatda deyilir.
2. Qarşılıqlı xoş niyyət
Azərbaycan və Ermənistan bir-birinin namizədliklərini müxtəlif təmsilçilik üzrə dəstəkləyiblər.
Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
3. Sülhə hazırlıq
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür”, bəyanatda deyilir.
“İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”, birgə bəyanatda deyilir.
Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini də bəyan ediblər.
Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər, bəyanatda deyilir.
Tətərflər beynəlxalq ictimaiyyəti “iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə” çağırıblar.
Reaksiyalar
Sosial mediada çoxlu müsbət reaksiyalar paylaşılmaqdadır. Sosial medianın sadə azərbaycanlı və erməni istifadəçiləri “sülh, sülh”, “alqışlanır” kimi şərhlər paylaşıblar.
ABŞ və Avropa İttifaqı da birgə bəyanatı alqışlayır.
Avropa İttifaqı Şurası Prezidenti Charles Michel X sosial media hesabından Azərbaycan və Ermənistanın birgə bəyanatını “böyük irəliləyiş” adlandıraraq, onu alqışladığını bildirib.
Charles Michel xüsusilə hərbçilərin azad edilməsini, tərəflər arasında görünməmiş dialoq qurulmasından məmnunluğunu ifadə edib.
“Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi idi. Bugünki irəliləyiş böyük addımdır”, – cənab Michel yazıb. Avropa İttifaqı Şurası rəhbəri “liderləri tezliklə sülh sazişi bağlamağa çağırıb”.
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrel tərəflərin bu davranışını “vacib siyasi addım” kimi dəyərləndirib.
“ABŞ Ermənistan və Azərbaycanın 34 əsiri əsiri azad edəcəyi ilə bağlı birgə bəyanatını alqışlayır”, Dövlət Departamentinin sözçüsü Matthew Miller X sosial media hesabında yazıb. Onun sözlərinə görə, bu, tərəflərin sülh sazişini başa çatdırmaq və münasibətləri normallaşdırmağa çalışdığı vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir”. ABŞ rəsmisi həmçinin “Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməyə sadiq qaldıqlarını” da vurğulayıb.
Təhlilçilər də öz fikirlərini yazıb. Beynəlxalq Böhran Qrupunun azərbaycanlı təhlilçisi Zaur Şiriyev X hesabında yazıb ki, bu, Bakı və Yerevan arasında Brüssel, Washington və Moskvanın iştirakı olmadan əldə edilmiş ilk razılaşmadır. “Ən önəmlisi, bu, göstərir ki, Bakı və Yerevan danışıb-razılaşa bilir, bu, növbəti danışıqların olacağına, hətta bəlkə də, tədricən sülh razılaşmasının əldə ediləcəyinə və iki ölkə arasında münasibətlərin normallaşacağına ümid verir”, o yazıb.
Təhlilçi Fuad Şahbazov hesab edir ki, bu razılaşma, Qərbin təsirinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesində tənəzzülə uğradığı bir vaxtda əldə edilib. O xatırladıb ki, Bakı Ermənistan və Azərbaycan arasında vasitəçisiz, ikitərfli sülh danışıqlarına üstünlük verir. “Fevral ayına qədər daha müsbət dəyişiklər gözlənilir”, – deyə o X hesabında yazıb.
BBC