Azərbaycan hakimiyyəti həbs olunmuş jurnalistləri azad etməlidir – Stefan Şennak

Jurnalistlərin öz öhdəliklərini yerinə yetirdiklərinə görə həbs olunması yolverilməzdir. Bu barədə Turan Agentliyinə AŞPA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi və media azadlığı üzrə məruzəçi Stefan Şennak (Stefan Shennach) bildirib.

“Onlar neft və qaz satmaqla, hər şeyi riskə ata biləcəklərini düşünürlərsə, yanılırlar. Azərbaycan artıq bu mənada beynəlxalq siqnallar alıb”, deyə o qeyd edib.

Təkcə jurnalistlərin deyil, həm də doktor Qubad İbadoğlu, media sahəsində eskpert Ələsgər Məmmədli kimi siyasi və ictimai xadimlərin də həbslərə məruz qalması faktını necə qiymətləndirmək olar? Onların hər ikisinin səhhətində ciddi problemlər var, lakin hakimiyyət onları azad etmək çağırışlarına məhəl qoymur.

Bu suala cavabda Şennak deyib ki, Avropa Şurası və bir çox beynəlxalq təşkilatlar onların azad edilməsində israr edir. “Tezliklə bizim yeni baş katibimiz olacaq və bu tələblər güclənəcək. Hakimiyyət başa düşməlidir ki, bu məsələ həll olunmalıdır”, deyə o qeyd edib.

Yanvarda AŞPA insan hüquqlarının pozulmasına görə Azərbaycanın nümayəndə heyətini səs hüququndan məhrum edib. Bundan sonra nə olacaq? Bu suala cavabda Şennak deyib ki, Azərbaycan Avropa Şurasının üzvünə yaraşan şəkildə hərəkət etməlidir. “Qəbul edilmiş qərara əsasən, Azərbaycan Avropa Şurasının müəyyən qərarlarını yerinə yetirdiyi təqdirdə məsələyə yenidən baxıla bilər”, deyə Şennak vurğulayıb.