Arif Hacılı: “Ölkəmizin azadlığa, siyasətin mülayimləşməsinə ehtiyacı var”
Mərhum prezident Əbülfəz Elçibəyin anım tədbirində Müsavat Məclisinin sədri Arif Hacılının çıxışı
Hörmətli xanımlar və bəylər, əziz dostlar!
Bu gün Azərbaycan Xalq Hərəkatının lideri, XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası uğrunda Xalq Hərəkatına rəhbərlik etmiş, Azərbaycanın ümumxalq səsverməsi yolu ilə ilk prezidenti seçilmiş və öz səlahiyyətlərini həyata keçirildiyi müddət ərzində Azərbaycan tarixində böyük işlər görüb silinməz izlər buraxmış Əbülfəz Elçibəyin dünyasını dəyişməsinin 25 illiyidir.
Elçibəy bizim üçün yalnız fiziki şəxsiyyət deyil, Elçibəy həm də Azərbaycan Xalq Hərəkatının simvoludur.
Azərbaycanın Müstəqilliyi, Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizənin lideri, bu mübarizənin simvoludur.
Ə.Elçibəy yalnız Azərbaycanda müstəqil bir dövlətin qurulması uğrunda mübarizə aparmırdı. Ə.Elçibəy və onun rəhbərlik etdiyi təşkilatlar, onun rəhbərlik etdiyi Xalq Hərəkatı həm də Azərbaycanda demokratik bir dövlətin, azad bir dövlətin, hüquqi bir dövlətin qurulması uğrunda mübarizə aparırdı.
Bu gün Azərbaycan öz dövlət müstəqilliyinə nail olub, bu gün Azərbaycanın şimal hissəsinin müstəqilliyinə tam olaraq nail olunub.
Bu günlərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması istiqamətində intensiv müzakirələr gedir. Təbii ki, bütün bunlar həm Ə.Elçibəyin ruhunu şad edir, həm bütün Azərbaycan xalqının, həm də bütün dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının ən böyük uğuru, ən böyük qələbələrindən biri kimi tariximizdə əbədi olaraq qalacaq.
Ancaq dövlətin güclü olması yalnız onun ordusunun güclü olması ilə ölçülməz.
Dövlətin güclü olması yalnız onun polisinin, xüsusi xidmət orqanlarının güclü olması ilə ölçülməz. Dövlətin güclü olması həm də bu dövlətin cəmiyyətinin azad olması ilə, insanlarının xoşbəxt olması ilə, rifahlarının yüksək olması ilə ölçülər.
Təəssüf ki, biz Azərbaycan haqqında bütün bunları deyə bilmirik. Bütün imkanlarımızın olmasına, hər cür şəraitin olmasına baxmayaraq, Azərbaycanın çox böyük, yalnız Aərbaycan üçün yox, hətta region ölkələri üçün də yetərli olacaq qədər təbii sərvətləri olmasına baxmayaraq, Azərbaycan iqtisadi cəhətdən yetərli inkişaf etməmiş, Azərbaycan xalqı özünü xoşbəxt hesab etməyən, Azərbaycan cəmiyyəti azad olmayan bir cəmiyyətdir.
Təbii ki, bütün bunlar Ə.Elçibəyin rəhbərliyi altında başlayan, sözümün əvvəlində dediyim kimi, yalnız müstəqil dövlət yox, həm də azad cəmiyyəti olan hüquqi dövlət qurmaq uğunda mübarizənin yarımçıq qalması ilə bağlıdır.
Bu gün Azərbaycanın bütün təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan xalqının çox zəhmətkeş, çox bacarıqlı, yaradıcı xalq olmasına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsulun artımı bir faizin altındadır.
Bunu necə izah etmək olar ki, heç bir sərvətləri olmayan, imkanları olmayan, müharibədə məğlub olmuş Ermənistanda ümumi daxili məhsulun artımı Azərbaycanda olduğundan dəfələrlə çoxdur, Gürcüstanda dəfələrlə çoxdur, Qazaxıstanda dəfələrlə çoxdur, Özbəkistanda dəfələrlə çoxdur.
Mən hələ Azərbaycanın ümumi rifah halını Qərb ölkələri ilə, Avropa ölkələri ilə, azad ölkələrlə müqayisə etmirəm.
Bütün bunların əsas səbəbi Azərbaycanda vətəndaşlar üçün bərabər imkanların yaradılmaması ilə bağlıdır.
Bu gün Qarabağın işğaldan azad edilməsindən artıq 5 il keçməsinə baxmayaraq, Qarabağa köçürülən əhalinin sayı cəmi 15 min nəfərdir. Halbuki əgər düzgün siyasət yeridilsə, bərabər imkanlar yaradılsa, düzgün tenderlər keçirilsə, hər kəsin Qarabağın bərpasında iştirak etməsinə, orada iş qurmağa imkan verilsəydi yəqin ki, hal-hazırda Qarabağa köçürülən insanların sayı 100 minlərlə olardı. Və artıq Qarabağ tam şəkildə bərpa olunmuş vəziyyətdə olardı.
Təsəvvür edin, Azərbaycan ərazilərinin təxminən 20%-ə yaxını işğaldan azad edilib. Qarabağ torpaqları, Qarabağ ərazisi kifayət qədər münbit, təsərrüfat üçün yararlı torpaqlardır. Bircə onu demək kifayətdir ki, sovet dövründə məsələn, Füzuli rayonu
Azərbaycanda ən çox üzüm istehsal edən, ən çox üzüm planı olan rayon idi. Amma baxın, Qarabağ işğaldan azad edilib, Azərbaycanda ərzağın, ətin qiyməti qalxır, başqa ərzaqların qiyməti qalxır.
Halbuki tamamilə əksinə olmalıdır. Bütün bunların da səbəbi Azərbaycanda yenə bərabər imkanların yaradılmamasıdır.
Azərbaycan xalqının qarşısında duran problemlərin hamısı həll olunmayıb.
Qarabağda 44 günlük müharibə başlayanda biz hamımız bunu bir ümummilli məsələ kimi qəbul etdik. Burada iqtidar, müxalifət, region, varlı-yoxsul ayrılığı qoymadıq. Yəni hər kəs, Azərbaycan xalqınının bütün təbəqələri Qarabağın işğaldan azad olunmasına öz töhfəsini verməyə çalışdı. Elə buna görə də qələbəyə nail olduq.
Amma biz xarici düşmənlərdən tam şəkildə xilas olmamışıq. Son dövrlərdə Azərbaycan və Rusiya arasında münasibətlər kəskinləşməkdə davam edir.
Müxtəlif manevrlərə baxmayaraq, Rusiyada yaşayan və öz sahəsində müəyyən təsir imkanlarına malik olan adamlar təqib olunması davam edir, onlar vətəndaşlıqdan məhrum edilirlər.
Rusiyanın televiziya kanalları guya Rusiyanın içərisində keçirilən hərbi əməliyyatların Azərbaycan diasporası tərəfindən onların yardımı ilə həyata keçirildiyi barədə yalan məlumatlar yayılır.
Dünən bir nəfər Azərbaycan vətəndaşı sərhəddə yaxalanıb, guya o, hansısa xüsusi sənədləri Rusiyadan oğurlayıb Ukraynaya təhvil vermək istəyirmiş və s.
Azərbaycanın Ukrayna ərazisində, Odessada olan obyektləri bilərəkdən nöqtə zərbələri ilə vurulur.
Yəni biz çox ciddi bir düşmən qarşısındayıq. Rusiya nə qədər zəifləsə də, Rusiyanın təsir imkanları nə qədər azalsa da, Putinin apardığı siyasət nəticəsində Rusiya bütün dünyadan əsaslı şəkildə təcrid olunsa da, iqtisadiyyatı çöksə də, unutmamalıyıq ki, yenə də işğalçılıq məsələsində, qonşu dövlətlərin ərazi bütövlüyünə qəsd etmək məsələsində, hərbi müdaxilə məsələsində Rusiya yenə də dünya birincisi olaraq qalmaqdadır.
Azərbaycanla Rusiya arasında yaranmış gərginlik Azərbaycan üçün böyük təhlükələrin anonsudur. Biz bu təhlükələrdən yayınmağı bacarmalıyıq, yayınmağa çalışmalıyıq, bu istiqamətdə siyasət yürütməliyik.
Amma bu mümkün olmasa, 44 günlük müharibə ərəfəsində və müharibə günlərində Azərbaycan xalqına lazım olan birlik bizə yenə lazım olacaq.
O həmrəylik yenə bizə lazım olacaq.
Azərbaycan hakimiyyəti, İ.Əliyev bunu unutmamalıdır.
Biz Qarabağı hamılıqla işğaldan azad etdiyimiz kimi, Qarabağın torpaqlarından da, ərazilərindən də, onun bəhrələrindən də hamılıqla istifadə etməliyik.
Qarabağ kiminsə obyekti deyil, Qarabağ kiminsə özünü reklam nöqtəsi deyil. Biz Qarabağı işğaldan azad etdiyimiz kimi, hamılıqla Qarabağda işlər görmək imkanına malik olmalıyıq, Qarabağda ev tikmək imkanına malik olmalıyıq. Bütün Azərbaycan xalqı Qarabağın həm turist, həm də təsərrüfat məskəni kimi o ərazilərdən istifadə etmək imkanına malik olmalıdır.
İlk növbədə uzun illər böyük əziyyətlər çəkmiş, yataqxanalarda, vaqonlarda, çadırlarda yaşamış məcburi köşkünlər o ərazilərdən faydalanmalıdır.
Təəssüf ki, biz bu gün bunu deyə bilmirik, Azərbaycan hakimiyyəti buna imkan vermir. Qarabağı biz hamılıqla işğaldan azad etmişik. Amma Qarabağın sərvətlərindən, imkanlarından Azərbaycanın yalnız bir qrupu faydalanmaqdadır.
Belə davranmaq olmaz. İ.Əliyevin Paşinyanla danışıqlar aparması, Azərbaycanla Ermənistan arasında sülh müzakirəsinin getməsi, Ermənistanla barışıq siyasəti, regiona və Azərbaycana lazım olan siyasətdir.
Amma bu, Azərbaycanın içində düşmənçilik siyasəti ilə müşaiyət olunmamalıdır.
Siyasi məhbusların sayının record həddə yüksəlməsi ilə müşaiyət olunmamalıdır.
Azərbaycan xalqının bir hissəsinin dünyanın ən varlı insanlarına çevrilib, Azərbaycan xalqının əksəriyyətinin zülm və zillət içərisində yaşamasına şərait yaradan siyasətə son qoyulmalıdır.
Azərbaycanda bir açılım həyata keçirilməlidir.
Bizim ölkəmizin azadlığa, siyasətin mülayimləşməsinə ehtiyacı var. Cəmiyyətimizin azad cəmiyyət olmasına ehtiyacı var.
Bu gün Azərbaycan gənclərinin bir çoxu öz talelərinı Azərbaycana bağlamır.
Azərbaycan gənclərinin bir çoxu Azərbaycandan çıxıb getmək, Avropada, Amerikada, başqa ölkələrdə öz həyatlarını qurmaq barədə düşünür.
Heç kəs öz vətənini qoyub başqa ölkəyə getməyi arzulamaz, əgər öz vətənində ona normal şərait yaradılsa, ona öz karyerasını qurmağa imkan verilsə, öz vətənində azad yaşamaq imkanı verilsə.
Bu məsələlər Azərbaycanın qarşısında duran ən böyük problemlərdir. Bütün bu problemlər həll olunmalıdır.
Xarici siyasətdə, Türkiyəyə, İrana, Rusiyaya, ABŞ-a münasibətdə Ə.Elçibəy hakimiyyətinin, o ictimai-siyasi xəttin, o düşüncənin, o təfəkkürün nəhayət ki, Azərbaycan siyasətinə qayıtması Qarabağın işğaldan azad olunması ilə nəticələndi.
Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu məsələlər üzərində düşünməlidir.
Xarici siyasət məsələsində, Türkiyə ilə dostluq, Rusiyadan məsafələnmə, İranın təhlükə olduğunu qəbul etmə, anlama, həmçinin Azərbaycanın güclü ordusunu yaratmaq siyasətinə qayıdıldlğı kimi, Azərbaycanın demokratikləşməsi, Azərbaycanda hüquqi, demokratik dövlətin, azad cəmiyyətin qurulması istiqamətində də Ə.Elçibəyin rəhbərlik etdiyi ictimai-siyasi xəttin apardığı siyasətə qayıdış edilməldir.
Yalnız bu yolla Azərbaycanı güclü, inkişaf edən dövlətə, Azərbaycan cəmiyyətini güclü yüksək rifahı olan və xoşbəxt bir cəmiyyətə çevirmək mümkündür.
Biz Müsavat Partiyası olaraq bunun uğrunda mübarizə aparırıq. Azərbaycanda bu istiqamətdə mübarizə aparan başqa qüvvələr də var. Və mən bilirəm ki, basqı altında olsa da Azərbaycan xalqının arzusu, istəyi bu istiqamətdədir.
Gec ya tez, amma hökmən Azərbaycan xalqının bu istəkləri yerinə yetiriləcək. Yerinə yetirilməməsi mümkün deyil. Xalqa qalib gəlmək mümkün deyil.
Xalqla mübarizə aparan istənilən siyasi qüvvənin, istənilən hakimiyyətin çökməsi, məğlub olması labüddür.
Bizim apardığımız bu mübarizə şərəfli mübarizədir. Bu mübarizə yolunda sizlərə uğurlar arzulayıram!