Gələcək partlayışın taymeri
Eduard Naqdalyan “İşguzar xəbərlər” nəşrinin redaktoru, Yerevan
Təəssüf ki, Ermənistan cəmiyyətində əslində nə baş verdiyi və müharibədə niyə məhz belə bir nəticə əldə etdiyimizin səbəbi tam olaraq başa düşülməyib. Bunu başa düşmək üçün Ermənistanın Azərbaycanla ilk müharibədə qalib gəldiyi 1994-cü ilə qayıtmaq lazımdır.
Bildiyiniz kimi, o vaxt Ermənistan, Dağlıq Qarabağın üzərində nəzarəti təmin etməklə yanaşı, Azərbaycanın 7 rayonunu “təhlükəsizlik zonası” kimi ələ keçirmişdi və məhz bu amil indiki nəticəni dərk etmək üçün əsas amildir. Məsələ ondadır ki, bugün baş verən hadisələrin və indiki nəticənin səbəbi – Artsaxın müstəqilliyi problemi deyil, Azərbaycanın bu yeddi rayonunun ələ keçirilməsidir.
Başlanğıcda özümüz özümüzü aldatmırdıq. Dürüstcəsinə etiraf edirdik ki, təhlükəsizlik zonası, bu yeddi rayonun hamısı – işğal edilmiş Azərbaycan torpaqlarıdır və bu, Artsax statusu ətrafında danışılarda bazarlıq üçün nəzərdə tutulub. Və bu, o zaman olduqca başa düşülən və məntiqli idi. Ancaq 1994-cü ildə ən vacib şeyi – bu bazarlıq üçün olduqca az vaxtımız olduğunu başa düşmədik. Niyə? Birincisi, hərbi uğurların pik nöqtəsində mümkün qədər tez bir zamanda bazarlıq etmək Ermənistan və Artsaxın maraqlarına uyğun idi. Çünki bu, Artsax üçün maksimum divident təmin edəcəkdi. Üstəlik, Heydər Əliyevin təmsil etdiyi Azərbaycan buna hazır idi. İkincisi, biz başa düşmədik ki, bazarlıq uzandıqca və ərazilərin geri qaytarılması təxirə salındıqca Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qəsd edən işğalçı bir ölkəyə kimi tanınmaq təhlükəsi ilə üzləşəcək. Dünya heç bir halda bununla razılaşmayacaqdı, necə ki, razılaşmadı – biz bunu bütün bu 25 il ərzində müşahidə etdik…
Nəticədə, biz mümkün olan yolların ən pisini seçdik – bədnam status-kvo variantını, yəni məsələnin birdəfəllik həlli üçün sülh sazişi imzalamadan imtina edib, Azərbaycan ərazilərini işğal altında saxlamaq variantına üstünlük verdik. Bu, Ermənistanın xarici siyasətinin nəhəng və faciəli səhvi idi.
Biz, sanki bölgəni idarə edən regional bir hərbi supergüc kimi davrandıq, halbuki, coğrafi blokadada sıxılmaqda olan iqtisadi cırtdandan başqa bir şey deyildik. Biz başa düşmədik ki, 1994-cü ildə əldə edilən hərbi qələbəni dərhal Azərbaycanla imzalanacaq sülh müqaviləsinə yansıtmamaqla, gələcəkdə baş verəcək bir partlayışın geri sayım taymerini işə salmış olduq. Beləliklə, biz indiki müharibəni məhz o zaman uduzduq. Axı bizim qeyri-adekvatlığımız – bizim hər şeyimizdir.
Sonrası daha pis oldu. Müvəqqəti işğal olunmuş Azərbaycan əraziləri çox keçmədən erməni təfsirində “azad edilmiş” ərazilər adlanmağa başladı (görəsən kimdən?). Bu, açıq həyasızlıq və əbədi olaraq yanaşı yaşamalı olduğumuz qonşumuza qarşı bir təhqir idi – bunun, başqa bir yozumu yoxdur.
Dünya bu fəlakətli məsuliyyətsizliyi çaşqınlıqla seyr edir, biz isə avantüristcəsinə odla oynamaqda davam edirdik … Bizə işğal olunmuş əraziləri xatırladanlara, biz öz müqəddəratını təyin etmə hüququndan danışırdıq. Hətta işğalçı bir ölkə kimi faktiki statusumuzun, bizim millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı ritorikamızı necə kəskin şəkildə dəyərdən saldığına fikir vermirdik. Açıq demək lazımdır ki, Ermənistanın dünya ictimaiyyəti ilə Artsaxla bağlı dialoqu baş tutmadı… Lakin bizim qeyri-adekvatlığımız – bizim hər şeyimizdir.
Bir neçə sadə suallar var. Bu 25 il ərzində Azərbaycan nə edirdi? Hərbi revanşa hazırlaşırıqdı. Kiminlə birgə? Aydındır ki, qardaş Türkiyə ilə birgə. Türk ordusu nədir? NATO-nun praktik olaraq sınırsız hərbi qaynaqlara sahib ikinci ən böyük ordusudur. Bu barədə bilirdikmi? Əlbəttə. Azərbaycan bizə bir silah yarışı tətbiq etdi və dəfələrlə xəbərdarlıq etdi – ya məsələni həll edin, ya da müharibə. Yeni yaranan güclü Türkiyə-Azərbaycan hərbi ittifaqı qarşısında xarici siyasətimiz nə etdi? Hətta özünü qoruma instinktini belə itirərək sakitcə yatdı. Bu vaxt saatda geri sayım davam edirdi. Bəs biz nəyə ümid edirdik? Axı yüz dəfə bizə deyildi ki, KTMT-nin Qarabağa aidiyyatı yoxdur. Göründüyü kimi Yaradana. Başqa cavabım yoxdur. Axı bizim qeyri-adekvatlığımız – bizim hər şeyimizdir.
Taymer 27 sentyabr 2020-ci ildə işə düşdü. Saat bombası qulaqbatıran gurultu ilə partladı. Artsax müharibə üçün yüksək hazırlıq keçmiş 90 milyonluq Türkiyə-Azərbaycan alyansı ilə üz-üzə qaldı. Him dəözünün rəsmi heç bir müttədiqinin olmadan. Tamamilə aydındır ki, müdafiə ordusunun qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, məğlubiyyət qaçılmaz idi.
Bəs baş verənlərdə kim günahkardır? Yuxarıda göstərilənləri nəzərə alsaq, cavab aydındır. Günahkar bizim o öndərlərimizdir ki, onlar əyalət düşüncəsizliyi ucbatından sülh müqaviləsi ilə bağlı Heydər Əliyevlə razılığa gəlməyiblər. Günahkar, bundan sonra işğal olunmuş ərazilərin status-kvosunu qorumaq üçün fəlakətli bir ssenari yolunu tutan və bu 25 il ərzində yekəxana tərzdə danışıqlar prosesini uzadan kənd knyazlarıdır. Günahkar, 25 ildir xalqı “düşmənə bir qarış da torpaq verməyək” vətənşüvənliyi ilə zəhərləyən bütün erməni siyasi partiyaları, ekspert toplusu və Ermənistanın mediasıdır. Siz bir bu şüarın mahiyyətinə varın – Azərbaycana bir qarış da Azərbaycan torpağı verməyək? Axı bu, mütləq dəlilikdir. Lakin bizim qeyri-adekvatlığımız – bizim hər şeyimizdir…
İndi isə hərbi məğlubiyyətə görə Nikol Paşinyanın məsuliyyətinə qayıdaq. Belə bir məsuliyyət ümumiyyətlə olubmu? Əlbətdə yox – indi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, sarsıdıcı məğlubiyyət təmin ediləcəkdi. Burada müzakirə edəcək və spekulyasiya edəcək bir şey yoxdur. Odur ki, sual tamamilə başqa cürdür – hazırkı hökumət bu müharibənin qarşısını ala bilərdimi, hərbi mərhələnin qarşısını ala bilərdimi?
Cavabım budur – bəli, bilərdi, ancaq nəzəri olaraq. Niyə sırf nəzəri olaraq?
Nəzəri olaraq, hakimiyyətə gəldikdən dərhal sonra Paşinyan dərhal ölkənin xarici siyasətində dəyişiklik elan etməli idi. O, birmənalı olaraq bəyan etməli idi ki, əvvəlki hakimiyyətin dövründə cinayətkatcasına həyata keçirilmiş statusu-kvo siyasətindən imtina edir və münaqişəni həqiqi qonşuluq ruhunda həll etmək üçün məzmunlu, imitasiya xarakteri daşımayan danışıqlara keçir. Yalnız bu addım taymerin geri sayımını durdura bilərdi. Hipotetik olaraq, biz işğal olunmuş 7 rayonun hamısını nəyinsə müqabilində geri qaytarmağa hazır olduğumuzu dərhal bəyan edə bilərdik. Bəli, müəyyən şərtlərə əməl olunacağı təqdirdə, biz bu əraziləri xoşməramlı bir jest olaraq qaytara bilərik. Bir çox variantlar vardı. Buradakı başlıca məsələ – Ermənistanın real olaraq razılığa gəlmək istəyidir, bu, heç vaxt olmayıb – çünki, fəlakətli hərbi ssenari heç vaxt nəzərə alınmayıb. Təsəvvür edirsinizmi, bu halda Ermənistanın beynəlxalq siyasətdə nüfuzu necə yüksələr və Artsaxın müstəqilliyinin tanınması prosesi necə təkanı alardı? Ən başlıcası isə – partlayış taymeri dayanacaqdı.
Ancaq bütün bunlar nəzəridir. Paşinyan bunu praktik olaraq bəyan edə bilərdimi? Təəssüf, düşünmürəm. Çünki Paşinyan hakimiyyəti xalqdan almışdı. O xalqdan ki, total olaraq “düşmənə bir qarış da torpaq verməyək” şüarı ilə zəhərlənmişdi. O, dərhal kütlələr tərəfindən xəyanətdə, torpaqları satmaqda və başqa əməllərdə ittiham olunacaqdı. Nəticədə, Paşinyan ağır bir miras olaraq aldığı bu siyasi tələdən çıxa bilmədi. Taymer isə əbədi olaraq geri saya bilməzdi, bir gün işə düşməli idi. Bu səbəbdən indi kimin nə deməsindən asılı olmayaraq, partlayışın və məğlubiyyətimizin qaçılmaz olduğunu etiraf etməliyik. Xarici siyasətdəki fəlakətli səhvlərin və “real siyasət”in əsas prinsiplərinə məhəl qoyulmamasının bədəli budur.
Bəs sonra? Bəli, məğlubiyyətə görə mənəvi və psixoloji məsuliyyətin yükü indiki hakimiyyətin üzərində qaldı. Bu, onun daşımalı olduğu bir xaçdır. Bütün ittihamlara baxmayaraq o, bu xaçı daşımalı olacaq. Sadəcə başqa çıxış yolu yoxdur. İndi Paşinyan hökumətinin tez bir zamanda yeni legitimlik qazanması lazımdır, amma bu dəfə – alınan qərarların effektivliyi sayəsində. Sərt, sürətlə, saxta demokratiya oyunu oynamadan, son dərəcə praqmatik bir avtoritar üslubda hərəkət edilməlidir. Ermənistanın indi başqa çarəsi yoxdur.
Rusiyanın bu müharibədəki rolunə gəlincə, əslində, o, müstəsnadır.
Onun rolu bu müharibəni dayandırmaqdan ibarət deyildi. Dünyanın heç bir ölkəsi bu müharibəni dayandıra bilməzdi – Azərbaycan torpaqlarını işğaldan azad etdi, bu, Rusiyanın özü də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edildi. Buna baxmayaraq, Rusiyanın xüsusi bir rolu var idi, inanıram ki, o, bu rolu əvvəldən tam dərk edirdi. Bəli, Rusiya müharibəni dayandıra bilməzdi, ancaq qırğını dayandıra bilərdi. Mövcud qüvvələr nisbəti işlərin qırğına doğru getdiyinə ilk gündən şübhə yeri qoymurdu. Mövcud qüvvələr nisbətini dəyərləndirmək üçün ekspert olmağa ehtiyac yoxdur. Və bu an gələn kimi Rusiya ildırım sürəti ilə bu qərarı verdi və minlərlə insanın həyatını xilas etdi. Bu, Rusiyanın missiyası idi və buna görə ona son dərəcə minnətdar olmağımız gərək. Başqa heç bir ölkə belə bir qərar verə bilməzdi və bu qərarı belə qısa müddətdə həyata keçirə bilməzdi. Söhbət günlərdən və saatlardan gedirdi…
Kollektiv Qərbin roluna gəldikdə, nəhayət başa düşməliyik ki, Qərb bu cür münaqişələri prinsipcə həll etmək iqtidarında deyil,. Onlar yalnız çərənləmək iqtidarındadır. Onlardan uma biləcəyimiz tək şey humanitar yardım ola bilər, bu da o qədər də gözə dəymir. Ancaq göndərsələr, minnətdar olacağıq.
Sonda aşağıdakıları vurğulamaq istərdim. Baş verən faciəyə baxmayaraq, Cənubi Qafqaz ərazisində tezliklə tamamilə yeni bir iqtisadi reallığın ortaya çıxacağına inanıram. Maraqlıdır ki, bu reallıqdan maksimum fayda götürən Ermənistan olacaq, çünki məhz Ermənistan üçün indiyə qədər sadəcə mümkünsüz olan tmamilə yeni imkanlar açılacaq. Tezliklə hamı bunu hiss edəcək. (Arminfo).
Tərcümə: Mustafa Hacıbəyli
Basta
Bizim şərh: Şübhəsiz ki, Ermənistanın indiki məğlubiyyətinin və erməni toplumun yaşadığı faciənin əsas səbəbi, onların Azərbaycan ərazisində ikinci dövlət qurmaq cəhdidir. Hətta öz dövlət sərhədlərini qorumaq iqtidarında olmayan, bunu Rusiya Silahlı Qüvvələrinə həvalə edən Ermənistan cəmiyəti, qonşu ölkənin əraziləri hesabına millətlərin öz müqəddəratını TƏKRAR təyin etmək hüququ kimi bir avanyuraya uyaraq, 30 ildir davam etdirdiyi və sonda rusvayçı şəkildə uduzduqları bir qanlı müharibəyə rəvac verib. Ötən həftə yazmışdıq ki, Ermənistan cəmiyyəti məğlubiyyətinin gerçək səbəbini anlamır, Paşinyanın “xəyanət” etməyəcəyi tədirdə, müharibənin guya başqa nəticəsinin ola biləcəyinə özlərini inandırırlar. Eduard Naqdalyanın bu yazısı Ermənistanın məğlubiyyətə məhkum olmasının etirafı baxımından əlamətdardır. Hərgah, bu məğlubiyyətin təməli, Naqdalyanın yazdığı kimi 1994-cü ildə yox, daha əvvəl – Azərbaycan ərazisində ikinci erməni dövləti qurulmasına start verilərkən qoyulub.