Azərbaycan “yoxa çıxan” kilsə iddiasına cavab verib

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “mədəniyyət cinayətləri” törətmək barədə Ermənistan tərəfinin səsləndirdiyi iddiaları rədd edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında deyilir.

 

“25 mart 2021-ci ildə BBC News Azərbaycanın Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yaydı. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik”.

 

BBC müxbiri Jonah Fisher-in Cəbrayıldan hazırladığı videoda Dağlıq Qarabağ müharibəsi vaxtı erməni kilsəsinin “yoxa çıxması” araşdırılır. Onlayn videoda deyilir ki, Azərbaycan işğal altında olan bu ərazini geri alanda kilsə inşa olunduğu yerdə imiş.

 

Azərbaycan XİN Mətbuat xidməti bildirir ki, sözügedən ibadətgah, Ermənistanın işğalı dövründə, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında “qeyri-qanuni şəkildə” inşa edilmişdir.

 

“İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilmişdir”.

 

Məlumata əsasən, yalnız beş il əvvəl tikilən və inşası tam şəkildə Ermənistan “işğalçı qüvvələrinə” xidmət etmək məqsədi daşıyan ibadətgah “Cəbrayılın mədəniyyət tarixinin” bir hissəsi hesab edilə bilməz.

 

Ermənistandakı hadisələr Azərbaycana təsir edə bilərmi? Azərbaycanlı təhlilçilər nə düşünür?

Azərbaycan XİN-in açıqlamasında deyilir ki, “işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən” Ermənistanın Azərbaycanı ittiham etmək üçün “nə hüquqi, nə də mənəvi haqqı var”.

 

Azərbaycan XİN-in saytında yayılan məlumata görə, Azərbaycan işğaldan azad olunmuş ərazilərində “törədilən dağıntıların” müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir.

 

“Bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır və ümid edirik ki, bu missiya tezliklə baş tutacaq”, – Azərbaycan XİN-in yaydığı məlumatda deylir.

 

Ötən il başa çatan müharibədən sonra Azərbaycan və Ermənistan bir-birini hərbi cinayətlərdə günahlandırır.

 

Cəbrayıl 1993-cü ildə işğal edilib, ötən ilin payızında, 44 günlük İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlar nəticəsində azad edilib.

 

BBC News Azərbaycanca müxbirləri bu ilin fevral ayında Cəbrayıla səfər edərkən, şəhərin yerlə yeksan edildiyini və hətta qəbristanlıqların da dağıldığını görüb.

 

BBC