Müharibə zarafat deyil
Jurnalist olmaq o demək deyil ki, ona qanunla verilən sərbəstliyin hədd-hüdudunu bilməməlidir? Məni bu qəzəbli cümləni yazmağa vadar edən bu günlərdə “Yenidən müharibə olsunmu?” video-sorğusu oldu.
Məgər müharibə uşaqların öz aralarında oynadıqları dava-dava oyunudur? Birincisi, müharibə heç kəsin arzusu, istəyi ilə baş vermir. Təbiətdə yetişib, zamanı çatanda baş verən zəlzələ kimidir. Qarabağın işğalına qarşı xalqın 30 ildən bəri yığılan qəzəbinin partlayışı oldu bu 44 günlük müharibə. Məlum oldu ki, rusun da, fransızın, ingilisin də əzizi, sevimlisi olan bu kəmfürsət qonşu bizə ən sonda hər addımbaşı mina sürprizi də hazırlayıbmış. Hələ davamı da var. Paşinyanın Rusiya prezidentinin qəbuluna gedib qayıtmağı ilə bunlar dönüblər bizim “padşahla dəlləyin məsəli”ndəki obraza.
Müharibə − nümayiş, mitinq deyil. Xalqın bu qələbəsi ona olduqca ağır itkilər hesabına başa gəldi. Minlərlə Vətən övladı həlak oldu, ailələrin sosial yaşayışına sərf olunası milyardlarla vəsait silaha xərcləndi. Qələbə eyforiyasından bir az ayılıb gerçəkliyə diqqət edin. Əhali yatalaqdan əziyyət çəkən xəstəni xatırladır. Hər kəs bütün ağırlıqlara − övlad itkisinə də, pandemiyanın yaratdığı və yenə də davam edəcək iqtisadi çətinliklərə də, qiymətlərin dayanmadan yüksəlməsinə də, bank faizlərinin amansızlığına da, hələ bu yandan narkotacirlərin millətin gəncliyini məhv etmək ssenarisinə də fədakarlıqla dözür. Xalqa bu dözümü verən nədir, bilirsinizmi − ümid! Çünki ümid ölməyəndə həyat davam edir.
Qaldı ki, bu hayların gah Şuşa, gah Kəlbəcər, gah Naxçıvan tərəfdə səs salmaqlarına, onlar bunu hal-hazırda üzərində gəzib, çörəklənib yaşadıqları tarixi Azərbaycan torpaqlarından − İrəvan, Göycə, Zəngəzurdan da məhrum olacaqları fikrinin vahiməsindən edirlər. Mən psixoloji olaraq belə düşünürəm.
Əlbəttə, bu işlərin rəsmi olaraq necə yoluna qoyulmasını həyata keçirməli məsul işçilər var. Bu vəziyyətdə məğlub düşmənlə davranmağın yalnız bir yolu var, o da diplomatiyanın gücləndirilməsidir.
Dahi şairimiz Nizami deyir ki, düşmənini kiçik sayma. Yəni gücsüz hesab etdiyimiz bu düşmənin arxasında bizi istəməyən böyük güclər dayanır. Əldə edilən uğurları yenidən itirməməkdən ötrü müharibədən qaçmaq ağıllı hərəkət sayılar.
Bu yazını isə torpağı minalanmış, səmasında hələ də top-tüfəng sədaları qalan, əhalisinin də ağır bir durum yaşadığı bir Vətən övladı kimi duyğularımı ifadə edərək, həmişə xatirimdə canlandırdığım Fətəli Xan Xoyskinin də bir cümləsini əlavə edirəm: “Təəssüf ki, biz İrəvanı saxlaya bilmədik!”
Nəzakət Muradova
Cəbrayıl rayonu, Quycaq kəndi