Arif Hacılı: “Tarixi dəyişdirmək mümkün deyil”
Milli Məclis “Müstəqillik Günü haqqında” qanun qəbul etməyə hazırlaşır. Prezident İlham Əliyevin təşəbbüsü olan qanun layihəsi mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan olunmasını nəzərdə tutur. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb.
1991-ci il avqustun 30-da respublika parlamenti Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Novator.az-ın məlumatına görə, oktyabrın 11-də parlamentin müzakirəsinə çıxarılacaq “Müstəqillik Günü haqqında” qanun layihəsinə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı yazır: “28 May bundan sonra Müstəqillik Günü kimi qeyd olunacaq. Şübhəsiz, 28 May müqəddəs bayramlarımızdan biridir. Bizim Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl də dövlətlərimiz olub. Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük özəlliyi isə o dövlətin respublika olmasıdır. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla sələflərimiz 1918-ci ilin 28 may günü Azərbaycan Xalq Cümhuriyyətini elan edib qısa müddət ərzində hüquqi, demokratik bir dövlət qurmağa nail oldular. Bugünkü Azərbaycan Respublikası da ötən əsrin əvvəlində qurulmuş həmin dövlətin bərqərar etdiyi dayaqlar üzərində dayanır. Hədəfimiz həmin dövrdəki dövlət quruluşuna nail olmaq və bu əsaslar üzərində dayanan dövləti inkişaf etdirməkdir.
Əliyev rejiminin cümhuriyyət tariximizə “qayğı” göstərməsinin bir səbəbi cümhuriyyət dəyərlərinin önəmini azaltmaq, digər səbəbi bugünkü siyasi rəqiblərinin şərəfli mübarizəsini mübahisələndirməkdir. Rejim 18 oktyabr 1991-ci ildə müstəqilliyin bərpasına gətirib çıxaran Azərbaycan xalq hərəkatının əhəmiyyətini azaltmaq, onu gözdən salmaq, unutdurmaq istəyir. Ancaq tarixi təhrif etmək, hətta müvəqqəti unutdurmaq olar, dəyişdirmək və əbədi unutdurmaq mümkün deyil.
Azərbaycan ötən əsrin əvvəllərində Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşkilatçılığı və xalqın iradəsi ilə müstəqilliyini əldə edib, ötən əsrin sonunda Əbülfəz Elçibəyin rəhbərliyi, AXC-Müsavat birliyinin təşkilatçılığı, yenə də xalqın iradəsi ilə müstəqilliyinin bərpasına nail olub.
28 May və 18 Oktyabr tariximizin ən önəmli bayram günləridir. Əliyev rejiminin manevrlərindən asılı olmayaraq bu şərəfli günlər siyasi liderlər olaraq Rəsulzadənin, Elçibəyin, siyasi təşkilatlar olaraq Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsinin adı ilə bağlıdır”.
1988-ci ildə başlayan xalq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.
1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.
Novator.az