Azərbaycanda bahalaşma: dəhşət saçan rəqəmlər

Nemət Əliyev, iqtisadçı

 

Xiyar 81%, ağ kələm 76%, süfrə çuğunduru 64%, göy lobya 56% bahalaşıb.

 

Gündəm Dağlıq Qarabağda, regionda inkişaf edən xoşagəlməz hərbi-siyasi proseslərlə, dünya mediasında Azərbaycan adını rüsvay edən Pandora sənədləri ilə o dərəcədə məşğul edilib ki, ölkə daxilində yaşanan böyük bahalaşma sanki arxa plana keçib. Amma nə qədər çətin olsa da, həyatımızı günbəgün ucuzlaşdıran bu arzuolunmaz proses də mütləq göz önündə tutulmalıdır. Əhali gəlirlərinin yerində saydığı hazırkı şəraitdə bu çox vacibdir.

 

Ötən ilin avqustunda kiloqramı 53 qəpiyə satılan xiyar bu ilin avqust ayında 96 qəpiyə satılıb. Yerli ağ kələmin kiloqramı isə 45 qəpikdən 79 qəpiyə qalxıb. Süfrə çuğunduru bu ilin avqustunda 1,18 manata satılıb, halbuki ötən ilin avqustunda qiyməti 72 qəpik olub. Göy lobyanın kiloqramı isə 1,08 manatdan 1,69 manata qədər bahalaşıb. DSK tərəfindən açıqlanan rəsmi məlumatların müqayisəsi bu nəticələri üzə çıxarıb.

 

Ötən ilin avqustunda 1 litri orta hesabla 2 manat 90 qəpiyə satılan günəbaxan yağı bu ilin avqustunda 4 manat 20 qəpiyə satılıb. Bahalaşma səviyyəsi 1 manat 30 qəpik və ya 45%-ə yaxındır. Xaricdən gətirilən günəbaxan yağı 42%, yerli günəbaxan yağı isə 51% bahalaşıb. Yerli qarğıdalı yağının qiymətində 36,5% və ya 1 manat 44 qəpik artım qeydə alınıb. Yerkökü 40%-dən çox, baş soğan 29%-ə yaxın, şəkər tozu orta hesabla 31,5%, badımcan 21,3%, pomidor 21%-dən çox, kəsmik 22%, şor 15%-ə yaxın bahalaşıb (aşağıdakı cədvələ bax)…

 

Qida rasionunda tez-tez istifadə etdiyimiz ərzaq məhsullarının bahalaşma səviyyəsindən heyrətlənməmək mümkün deyil. Bu ilin sentyabr və oktyabr aylarında bahalaşma səviyyəsinin daha da artmasını buraya əlavə etmək lazımdır.

 

Müqayisə olunan dövrdə orta aylıq əməkhaqqı vur-tut 1,8%, adambaşına düşən əhali gəlirləri isə cəmi-cümlətanı 0,7% çoxalıb. Cüzi əməkhaqqı, pensiya, sosial müavinət artımlarının bütünlüklə böyük bahalaşmanın yeminə çevrilməsi, əhalinin əlindəki ehtiyyatların sürətlə əriməsi açıq şəkildə ortadadır və bunu gizlətmək mümkün deyil.

 

Dünyanın ən bahalı şəhərlərində bu dərəcədə bahalaşma yaşanmaz, yaşansa belə, bahalaşma ilə əhali gəlirləri arasında bu böyüklükdə fərq əmələ gəlməsinə imkan verilməz. Nə normal hökumətlər, nə də xalqlar buna dözər. Odur ki, əhali gəlirləri ilə bahlaşma səviyyəsi arasındakı fərqin 2-cinin xeyrinə bu qədər böyüməsi ilk növbədə hökuməti düşündürməli və onu bahalaşmaya rəvac verən addımlar atmaqdan çəkindirməlidir. Görünən budur ki, bahalaşmanın geriyə dönüşü olmayacaq.

 

Belə şəraitdə tək ümid əməkhaqları, pensiya və müavinətlərin təsirli dərəcədə artırılmasına, rəqabət qabiliyyətli yeni iş yerlərinin yaradılmasınadır ki, bunun da hələ ki, səsi-sorağı eşidilmir.

 

Нет описания фото.

 

Basta