Azərbaycan demokratiya sammitinə çağırılmayıb
Dekabrın 9-10-da ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçiriləcək virtual demokratiya sammitinə Azərbaycan və Türkiyə dəvət almayıblar.
Noyabrın 3-də «Politico» dərgisinin açıqladığı siyahıda Ermənistan və Gürcüstan yer alıblar.
Yüzdən çox ölkənin qatılacağı ilk «Demokratiya uğrunda sammit» barədə ABŞ prezidenti Co Bayden avqustun əvvəlində məlumat verib. Tədbirdə dünyanın yüzdən çox ölkəsindən dövlət və hökumət başçılarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələrinin iştirakı gözlənilir.
Sammitdə avtoritarizmə qarşı tədbirlər, korrupsiya ilə mübarizə və demokratiyanın təbliği mövzuları üzrə öhdəliklər və təşəbbüslər müzakirə olunacaq.
Demokratiya sammitinə Azərbaycanın çağırılmadığı necə dəyərləndirilir?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Turan-a bildirib ki, hansısa bir ölkəni demokratiyanın tənzimləyicisi kimi qəbul etmək düzgün deyil: «Demokratiya ümumbəşəri dəyərlərdir və demokratiyanı hər bir cəmiyyət özü seçir».
Deputatın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa edəndə demokratiyanı, insan hüquqlarını özü üçün norma seçib və bu istiqamətdə böyük işlər görür: «Bu gün hansısa bir ölkə demokratiya problemləri ilə bağlı tədbir keçirirsə, kimlərisə, ora dəvət edirsə bu, onun istəyidir və onu ancaq həmin dövlətin keçirdiyi bir tədbir kimi qiymətləndirmək olar. Amma eyni zamanda orada yəqin ki, sual da olacaq, nəyə görə Amerikanın 20 il Əfqanıstana demokratiya dərsləri sonda belə acınacaqlı şəkildə bitdi?»
Komitə üzvü qeyd edib ki, ABŞ-Azərbaycan münasibətləri çox şahəlidir və yalnız bir istiqamət, bir məsələ üzərində qurulmur: «Vaxtaşırı iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilir, ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri Azərbaycana səfər edirlər və Amerika liderləri bir qayda olaraq Azərbaycanın milli bayramlarında təbriklər göndərirlər”.
Deputat hesab edir ki, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün çox böyük imkanlar var.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hesab edir ki, Azərbaycanın demokratiya sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır:«2003-də İlham Əliyev hakimiyətə gələndə Azərbaycan yarımazad ölkə idi, onun avtoritar idarəçiliyi Azərbaycanı azad olmayan ölkələr sırasına aparıb çıxardı».
Onun fikrincə, İlham Əliyevin bu sammitə dəvət almasını təəccüblü heasab etmək olardı: «Öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin edən prezident niyə demokratiya sammitinə dəvət almalıdır? Və ya lap bu yaxınlarda təkcə Londonda 700 milyon dollarlıq ailə mülkləri aşkarlanan bir ölkə başçısının demokratiya tədbirinə dəvət edilməsi demokratiyanı ələ salmaq olardı. Buraya seçki saxtakarlığı, şəbəkələşmiş korrupsiya, hüdudsuz kleptokratiya, siyasi məhbus düşərgələri, azad sözün və mətbuatın boğulması, vətəndaş cəmiyyətinin dağıdılması, siyasi əlehdarlara qarşı davamlı repressiyalar, müstəqil məhkəmə sisteminin olmaması, pandemiyadan siyasi azadlıqların boğulması istiqamətində istifadə cəhdlərini əlavə etmək olar”.
Bununla yanaşı o qeyd edib ki, bunu ABŞ-ın siyasətində Azərbaycanın əhəmiyyətinin azalması kimi qiymətləndirmək doğru olmazdı. “Bundan sonra demokratiya tələblərinin enerji maraqlarından önə keçməsinin yolu açılır və yəqin ki, qarşıdakı zirvə toplantısında avtoritar və diktator idarəçilərə münasibətdə birmənalı mövqe sərgilənəcək”, – Cəmil Həsənli qeyd edib.