Çevriliş cəhdi? – III YAZI

I YAZI, II YAZI

.

Dadaş Əhmədlipolitoloq

.

2018-ci ildə Rusiyada başların prezident seçkilərinə qarışdığı bir vaxtda İlham Əliyev qəflətən növbədənkənar seçkilər təyin edərək yenidən yerini 7 illiyə möhkəmlədə bildi. Bundan sonra onun nisbətən müstəqil bəyanatlar verməsi iyul ayının 2-də Gəncə ŞİH başçısı Elmar Vəliyevin güllələnməsi və ölkə üzrə elektrik enerjisinin kəsilməsi ilə nəticələndi. Xatırladım ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda çıxış edən İlham Əliyev belə demişdi: “Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək.”

.

Bundan bir neçə gün əvvəl isə İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizlinin əsas təminatçılarından olduğunu vurğulamışdı. Elmar Vəliyevin güllələnməsi ordu və silahlarla bağlı fikirlərin, Mingəçevir DRES-ində bloklardan birinin partla(dıl)ması isə Avropanın enerji təhlükəsizlinin əsas təminatçısı barədə iddiaların cavabı hesab oluna bilərdi. Maraqlıdır ki, işıqlar kəsiləndə Azərbaycan tərəfi məcbur olub Rusiyadan enerji almalı olmuşdu. Bu, Rusiyanın İlham Əliyevə “kəndinə qayıt” mesajı da ola bilərdi. Bu hadisələrdən sonrakı bir il ərzində ölkə rəhbəri nəinki, bu sayaq bəyanatlar vermədi, hətta ara-sıra “qeyb olmağa” başladı. 2019-cu ilin yayında bu “qeyb olma” o qədər uzun çəkdi ki, Müsavat Partiyası İlham Əliyevin vəziyyəti ilə bağlı hökumətin məlumat verməsini tələb etdi. Yalnız avqust ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edilməsi və ad günü münasibətilə həm Vladimir Putinin, həm də baş nazir Dmitriy Medvedyevin təbrikindən sonra münasibətlərin əvvəlki məcraya qayıtdığı yəqin oldu.

.

On ildən artıqdır ki, mətbuatda hakimiyyət daxilində mübarizə getdiyi barədə məlumatlar dolaşır. Rəsmi olaraq bu, ilk dəfə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın “Azərbaycan hakimiyyəti monolit deyil” sözləri ilə aşkarlansa da, tarix etibarilə daha əvvəldən başlanıb. “Mühafizəkarlarla-yenilikçilərin”, “köhnələrlə-təzələrin” “Mehdiyev klanı ilə-Paşayevlərin” mübarizəsi və s. epitetlərlə adlandırılan bu qarşıdurmada siyasi, inzibati, hərbi, maliyyə sferalarına nəzarət etməklə yanaşı, Rusiyanın “xeyir-duasını” almaq da əsas şərtlər sırasındadır.  Dəyərli izləyicilər yəqin ki, Ramiz Mehdiyevin prezident alministrasiyasının rəhbəri postundan getməsini xatırlayırlar. Bu hadisə ötən ilin oktyabrın 23-də baş verdikdən sonra noyabrın 20-25-də birinci vitse-prezident Mehriban Əliyeva geniş tərkibli nümayəndə heyəti ilə Moskvaya səfər etdi. Rusiya Prezidenti Vladimir Putinin avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim etməsi onun hakimiyyətinə “yaşıl işıq” yandırılması demək idi. Elə bundan azacıq sonra – noyabrın 29-da digər odioz fiqur – Əli Həsənov da vəzifədən yola salındı. Ardınca isə Milli Məclisin “özünü buraxma” ssnenarisi işə düşdü. Bütün bunlar komandanın yenilənməsi, ölkə üzrə yeni proseslərin başlanması demək idi. Bu proseslər Mehriban Əliyevanın komandasının hakimiyyətə tam yiylənməsi – həm qanunverici hakimiyyətdə, həm də həm də icra hakimiyyətində möhkəmləndikdən sonra birinci vitse-prezidentin prezident kürsüsünə oturması ilə nəticələnməli idi. Hər halda, görünürdü ki, bütün çalışmalar bu istiqamətdədir. Hətta, prosesə demokratik görüntü vermək üçün müxalifətin də parlamendə müəyyən təmsilçiliyinə gedilə bilərdi. Amma…

.

Növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə həm cəmiyyətdə, həm də müxalif düşərgədə canlanma müşahidə edilməyə başladı. Müxalifət daxilində isə seçkilərdə iştirakla bağlı vahid mövqe əldə edilmədi. Əksər müxalifət partiyaları seçkidə iştirak etməyi vacib bilsələr də, AXCP, HƏP və bəzi başqa təkilatlar fəqrli mövqe ortaya qoydu. Seçkilərin birinci mərhələsi nisbətən yeniliklərlə yadda qaldı. 2000-dən çox şəxs namizədliyini irəli sürdü və bunların da əksəriyyəti qeydə alındı. ATƏT bu seçkilərə bu vaxta qədər görünməmiş sayda müşahidəçilərini yollamaq qərarına gəldi. Nüfuzlu beynəlxalq təşklatların nümayəndələri Azərbaycana səfər edərək ölkə rəsmiləri ilə görüşlər keçirir və onlara ən yüksək səviyyədə demokratik seçkilərin keçiriləcəyi ilə bağlı vədlər verilirdi. Amma seçkilərə bir neçə gün qalmış Rusiya faktoru yenə öz sözünü dedi. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanda milli demokratik qüvvələrin hakimyyətdə təmsilçiliyini yolverilməz hesab elədiyini bildirdi və Azərbaycan iqtidarı da bunu Kremlin sifariçi kimi qəbul etdi. Beləcə, seçkilər “ənənəvi qaydada” – total saxtalaşdırılma əsasında keçirildi. Seçkidən bir müddət sonra deputat Zahid Oruc etiraf etdi ki, İlham Əliyev də parlamentin hazırkı tərkibindən razı deyil. Belə çıxır ki, parlamentin formalaşması İlham Əliyevin iradəsindən kənar həyata keçirilib?

.

Ekspertlərin qiymətləndirməsinə görə Rusiya təhlükəsizlik orqanlarının Azərbaycanda 80 000-ə qədər agenti fəaliyyət göstərir. Şübhəsiz ki, bu şəxslər hansısa kənddə ev təsərrüfatı ilə məşğul olmur, dövlətin vacib orqanlarında yerləşdirilməklə lazımi məqamda yuxarıdan verilən tapşırıqları həyata keçirirlər. Ola bilsin ki, bu rəqəm şişirdilib. Amma hətta bundan on dəfə az olsa da vacib postlara yerləşdirimiş kadrlarla istənilən işi dayandırmaq, təxribat törətmək, məcrasından çıxarmaq mümkündür. Onillərdir ki, Azərbaycanda kadr siyasəti bilavasitə Ramiz Mehdiyev tərəfindən yürüdülüb. Akademik isə bu müddətdə Rusiyanın bir nömrəli adamı kimi tanınıb. İndi hakimiyyətdə olmasa belə, onun proseslərə təsir etmək imkanı yəqin ki, hələ də qalır. İcra qurumlarının, mərkəzi və dairə seçki komissiyalarının üzvləri bilavasitə Mehdiyev tərəfindən müəyyənləşdirilib və nəzarətdə saxlanılıb. Ona görə də Zahid Orucun fikirləri məntiqli görünür. Başqa cür özlərini “yaramaz” elan edərək buraxmış şəxslərin yerlərdə əhali tərəfindən fitə basılması, qovalanması kimi biabırçılıqlardan sonra yenidən qanunverici orqanda yer almalarını izah etmək çətin görünür. Elə son zamanlar icra hakimiyyəti strukturlarına qarşı həyata keçirilən əməliyyatlar da bu şübhələri artırır. Görünür, “parlament məğlubiyyətindən” sonra İlham Əliyev məsələnin təhlükə dərəcəsini tam anlayaraq, vəziyyəti öz xeyrinə dəyişmək qərarına gəlib. Maraqlıdır ki, həbs oluna sonuncu RİH başçısı Viyam Hacıyev kameralar qarşısında “haqq-ədalət yerini tutacaq” söylədi. Bu, onun öz rəhbərinə mesajı kimi də yozula bilər. 

.

Hakimiyyət daxilində “təmizləmə” aparmaq xeyli dərəcədə çətin və təhlükəli prosesdir. Əllərində milyardlarla dollar həcmində vəsait olan, əksər dövlət qurumlarında hələ də sözü keçən şəxslərin bu halı səssiz qarşılayacağını düşünmək sadəlövhlük olardı. Adətən, belə hallarda revanşist qüvvələr bir qədər sakit dayanır, toparlanır və lazımi məqamı gözləyirlər. Ələ düşmüş birinci fürsətdəcə onlar əks zərbəni endirirlər. Və şübhəsiz ki, hakimiyyət daxilindəki adamları və ölkə xaricindən aldıqları dəstək də bu işdə ən önəmli silah hesab olunur. Tovuz rayonu istiqamətində sərhəddə hərbi əməliyyatların başlaması bu qüvvələrin hərəkətə keçmələri üçün siqnal ola bilərdi.

.

Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatları başlamasının səbəbləri barədə çoxsaylı mülahizələr mövcuddur. Amma əksər ekspertlər bunun məhz Rusiyanın təşəbbüsü olduğu qənaətindədirlər. Son zamanlar Yaxın Şərqdə mövqeləri xeyli zəifləmiş, pandemiya səbəbindən enerji resurslarının qiymətinin düşməsi üzündən kifayət qədər maliyyə itkisinə məruz qalmış, ölkə daxilində əhalinin narazılıqlarının artdığı Rusiyada reytinqi xeyli zəifləmiş prezidentin öz vəziyyətini yaxşılaşdırmaq, əhalinin diqqətini daxili problemlərdən yayındırmaq və nəhayət, ölkənin ambisiyalarını dünyanın diqqətinə çatdırmaq üçün Cənubi Qafqazda hərbi eskalasiyanın başlamasına rəvac verməsi ağlabatandır.  Amma burada da Rusiya istədiyi nəticəni əldə edə bilmədi. Görünən odur ki, Tovuzda başlamış əməliyyatlar Ermənistan-Azərbaycan sərhədini tam ehatə etməli və rus-erməni hərbi birləşmələri Qazax rayonu ərazisindən qaxil olmaqla əsas kommunikasiya və enerji xətlərini nəzarətə götürməli imiş. Bu, Rusiyaya Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, TAP və TANAP qaz xətlərinə nəzarət etmə, Gürcüstanı blokadaya salma kimi imkanların yaradılması demək idi. Ancaq Şanlı Azərbaycan Ordusunun rəşadəti, hərbçilərin canları-qanları bahasına mövqelərini qorumaları onların bu istəyini gözlərində qoydu. Üstəlik, Azərbaycana Rusiyanın Qafqazdakı əsas rəqibi – Türkiyə tərəfindən də dəstəyin verilməsi bu ssenarini iflasa uğratdı. Əhalinin orduya dəstək məqsədilə karantin qadağalarını gözrdı edərək küçələrə çıxması, izdihamın yaşanması da xalqın münasibətini göstərən indikator oldu.

.

Son olaraq

.

Bütün bu hadisələrin içərisində hakimiyyətin devrilməsinə cəhd olubmu? Bu suala birmənalı cavab vermək çətindir. Hər halda, burada sadalananlardan da görünür ki, revanşistlər bu fürsətdən yararlana bilərdilər. Hərbi əməliyyatların getdiyi məqamda prezidentin xarici işlər nazirini tapa bilməməsi 1993-cü ilin 4 İyun qiyamı zamanı müdafiə nazirinin yoxa çıxması və 1994-cü ilin 4 Oktyabr hadisələri vaxtı baş nazirin gecə yarısı “nahar etməsi” səhnələrini xatırladır. Həmin hadisələrdən birincisi “dövlət çevrilişi”, digəri isə “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirilir. Yeri gəlmişkən, xarici işlər nazirinin vəzifəsindən kənarlaşdırılmasından sonra təhsil naziri Ceyhun Bayramovun bu strateji posta təyin edilməsi İlham Əliyevin “etibarlı kadrlar bankının” nə dərəcədə kasad olmasından xəbər verir.

.

14-15 İyul hadisələri “ümumilli liderin hakimiyyətə ilk gəlişi” hekayəsinin üzərindən də xətt çəkdi. AzTV-də verilən sönük materialdan savayı, bu mövzuda hansısa verilişlərin getməsini xatırlamıram. Deməli, indi hakimiyyət həm də “yeni hekayə” üzərində düşünməlidir. Bəlkə də, İlham Əliyevin “çevriliş cəhdi” adlandırdığı hadisələr elə “yeni hekayə” ssenarisi üçün başlıqdır?              

.

Basta