Son imperiyanın çöküşü və Azərbaycan demokratiyası üçün yeni şanş

Rüfət Qaragözlü, siyasi ekspert

 

 

Sovetlər Birliyinin çöküşündən sonra revanşist ideyalarla dolu avtoritar Rusiyanın müstəgil və demokratikləşən Ukraynaya qarşı başladığı təcavüzkar, biabırcı və dəhşət saçan savaş, Ukrayna xalqının və ordusunun inanılmaz dirənişi və başda Qərb dövlətləri olmaqla dünyanın buna kəskin mənfi reaksiyası (misli görünməmiş sanksiyaları) nəticəsində Rusiyanın məğlubiyyətinin və çox ağır duruma düşmə ehtimalını olduqca artırır.
Sovetlər Birliyinin çöküşündən sonrakı 30 illik dövrdə tarixin verdiyi imkandan səmərəli yararlanmaq əvəzinə, demokratik institutlarını gəliştirib mütərəqqi dünyaya inteqrasiya olunmaq əvəzinə Rusiya, nə yazıq ki, avtoritar, oliqarx-korrupsioner rejimini qurub ölkəsində yenicə yaranmaqda olan demokratiyasını boğaraq neoimperiyasını bərpa etməklə məşğul oldu.

 

Bütün bu dövrdə Rusiya, zamanı keçmiş və mürtəce Rus imperiyası təfəkkürünü (son zamanlar buna “Avrasiya” ideologiyası da deyilirdi) rəhbər tutaraq, daxilində və xaricində ona uyğun siyasət sərgiləmişdir. Beləliklə, əsrlər boyu “Avropa Jandarmı” rolunu oynayan Rusiya çağdaş zamanda da bu dəfə Avropaya gücü yetməsə də, bu mənfur rolunu yaxın qonşularına qarşı oynamaqdadır. Qarabağ, Dnestryanı bölgə, Abxaziya, Osetiya, Krım, Donbas – bunlar hamısı azadlığa və müstəqilliyə can atan keçmiş sovet respublikaların ərazilərində törədilmiş qanlı münaqişələrdir ki, bunları “Rus imperiyasının bərpası” mənfur təfəkkürü törədmişdir.

 

Daha da dəqiq desək, Rusiyada əsasən də Yeltsin erasının bitişi və Putin erasının başlanğıcıyla 2000 ildən bəri bu “şanlı imperiyamızı bərpa edək” siyasəti açıq-aşkar yürüdülməkdə idi. Putin və onun komandası rus toplumsal təfəkkürdə də hakim olan “Böyük Rus Şovinizminə” arxalanaraq və eyni zamanda onu hər vəhclə alovlandıraraq yenidən rus toplumunda məharətlə revanşist “Böyük və Əzəmətli Rusiya“ xəyallarını siyasi və sosiyal gündəmə gətirmişdirlər.

 

Eynən 1-ci Dünya Savaşından sonrakı “alçaldılmış” və məğlub olmuş Almaniyada Hitlerin revanşist “Böyük Almaniya” nazist siyasəti kimi Putin də Sovetlər Birliyinin “alçaldılmış”çöküşündən sonra “Böyük Rusiya” dövlətinin bərpasını tərənnüm edir. Rus Çar İmperiyası zamanı boyunca Şimal Buzlu Okeyanından Orta Asiyaya, Uzaq Şərqdən və Sakit Okeyanından Karpatlara və Qafqazlara qədər ətrafında olan bütün xalqların torpaqlarını zəbt edərək və “halal” özünki sayaraq Rusiya, Sovetlərin çöküşü ilə bir qismini itirdiyini indi də “bərpa” etmək arzusundadır. Bu da onların baxışında “ədalətli” “Avrasiya” ideologiyasıdır, əslində isə yaramaz, təcavüzkar, gerici və ultra-şovinist təfəkküründən başqa bir şey deyil.

 

 

Rus imperiyasının mövcudluğu diğər dünya imperiyalarından fərqli olaraq 21 əsrə qədər uzadılmışdır, daha doğrusu, yubadılmışdır. Bunun də səbəbi klassik Rus Çar İmperiyasından sonra və onun yerində surroqat tarixi uğursuz sosiyal-siyasi eksperiment sonucunda yaranmış Sovetlər Birliyi olmuşdur. Sovet Rusiyası yeni anlayış və sosyial-iqtisadi münasibətlər elan etsə də, klassik imperiya mahiyyətini qoruyub saxlamışdır – eyni təcavüzkar tarixi yaranışı (ittifaq respublikaların zor gücünə Sovetlərə birləşdirilməsi), birləşdirdiyi xalqların üzərində total mənəvi və siyasi heqemoniyası.

 

Sovetlər Birliyinin çöküşündən (1991) sonra isə Rusiya qısa zamanda yenidən öz imperiya siyasətinə qayıdır və yenidən rus şovinizminə arxalanaraq ətraf xalqları təhdit edir.
Amma imperiyaların zamanı çoxdan bitmişdir və bu dövlət quruluşu çağdaş dünyada “müddəti bitmiş, istifadəyə yararsız” tarixi bir anaxronizmdir. Təbii ki, bu zehniyyət və bu quruluşu 21 əsrə daşımaq böyük yanlışliq idi, ancaq Rusiya bunu etdi, görünür, rus toplumu üçün şovinizm təfəkkürü mütərəqqi və inkişaf dəyərlərindən daha üstündür. Əslində, bu bir faciədir və ilk növbədə rus xalqının özü üçün.

 

Bu şovinist və ekspansianist “Avrasiya” və yaxud neo Rus İmperializm ideologiyasının son və pik nöqtəsi 2022 ildə Rusiyanın Ukraynaya hərbi hücum etməsi oldu. Bu gün bu dəhşətli savaş davam etməkdədir və nəticə çıxartmaq hələ tezdir, ancaq artıq görünməkdə olan mənzərə o dur ki, rus neonazistlər öz güclərini və Ukraynanın güclərini doğru dəyərləndirməmişlər. Ukrayna xalqının bu qədər yüksək dirəniş göstərəcəyini hesaba almamışlar və nəticə olaraq savaş sahələrində rus əsgərləri böyük itkilər verərək indiyə qədər heç bir ciddi uğur əldə edə bilməmişlər. (ümid edək ki, bundan sonra da edə bilməyəcəklər).

 

Ukraynanın qəhrəman dirənişi və dünya dövlətlərinin total iqtisadi və siyasi sanksiyaları nəticəsində Rusiyanın uzun müddət tab gətirəcəyi çox da gerçəkci görünmür. Böyük ehtimalla Rusiya uzunmüddətli böhrana girəcək, həm də bütün sahələrdə – hərbi, iqtisadi, sosial, mədəni və, nəhayət, siyasi sahədə, və sonucda bir dövlət kimi çökəcək.

 

Rusiyanın federativ və çoxmillətli olduğunu nəzərə alsaq, düşünmək olar ki, bu çöküş ərazi parçalanmaları ilə müşahidə olunacaq, yəni Rusiyanın yerində bir neçə yeni dövlət yaranacaq. Və beləliklə, bu rus sovinizminin əyani sonu olacaq.

 

Bu proses nə qədər zaman alacaq və konkret olaraq hansı formada olacaq indidən söyləmək çətindir. Ancaq bu mütləq olacaq, həm də yaxın gələcəkdə.
Dünyanın son imperiyası olan Rus imperiyası nəhayət çökəndən sonra dünyada, əsasən də, bizim də yerləşdiyimiz Avrasiya məkanında böyük dəyişikliklər olacaq.

 

Yüz illərlə əsarətdə olan onlarca xalqlar nəhayət rusların mənəvi və fiziki asıllığından qurtularaq öz azadlıqlarına qovuşacaq. Hər bir azad olan və bu asıllıqdan qurtulan xalq bundan sonra hansı yolla gedəcəyini özü müəyyən edəcək. Kimlərsə bu tarixin verdiyi şansı uğurlu və səmərəli dəyərləndirərək mütərəqqi yolu,  inkişaf yolunu seçəcək, kimlərsə də tarixdən lazımi dərs çıxartmayaraq yeni təhlükəli sosiyal-siyasi “macəralara” əl atacaq və nəticədə yeni boyunduruğa girəcək. Bizim də qarşımızda belə bir tarixi şans yaranacaq:
Nəhayət sonuna qədər və tam olaraq Rusiya və rusların anormal təsirindən və asılılıqından qurtulmaq.

 

Bu asılılıqdan qurtulandan sonra mütərəqqi sabit inkişaf yolunu seçərək demokratik dünyaya inteqrasiya edilmək.
Hər ikisi böyük zəhmət və fədakarlıq istər. Təbii ki, ölkəmizdə demokratiya tam qələbə qazanılmalıdır, bütün demokratik institutlar qurulub güclənilməli və dönməz xarakter almalıdır. Bunu etmək üçün bütün müsbət təcrübəmizi toplamaqla yanaşı, keçmişdə buraxılan səhvləri təkrar etməməyimiz lazımdır.

 

Burada əsas və ən çətin məqamlar:

 

İndiki zamanda  “müzəffər ali baş komandan” anlayışı və yanaşmasından toplumu qurtarmaq və onun yerinə “müzzəfər xalq və müzzəfər ordu” yanaşmasına nail olmaq.

 

Rejimi azad və ədalətli seçkilərin keçirilməsinə məcbur etmək. Rusiyanın çöküşündən sonra bunu etmək nisbətən asan olacaq, çünki toplumun siyasi fəallığı artacaq.

 

Seçkilər nəticəsində çox güman ki koalisyon iqtidar yaranacaq. Buna hazır olmaq və demokratik islahatları “ağır və gərgin” koalisyon şəraitində davam etdirmək.

 

Demokratik islahatlar dönəmində siyasi böhranlar qaçılmaz olacaq, buna hazır olmaq və öncədən mümkün qədər anti-böhran tədbirləri hazırlamaq (anti-böhran mərkəzi).

 

Bu dönəmdə demokratik islahatlara qarşı xaricdən və daxildən müxtəlif səviyyəli sabotajlar olacaq. Buna hazır və tədbirli olmaq.

 

Demokratik islahatlar dönəmində “Turan yaradaq”, “21-ci əsr – türklərin erasıdır” kimi populist şüarlardan uzaq durmaq.

 

Turanı güclü, mütərəqqi və demokratik ölkələrlə quracayıq (nəsib olarsa), ancaq buna hələ çox var. Əks halda gözəl Turan ideyası despotizmin tirajlanmasına qulluq etməkdən başqa bir şey olmayacaq, onu isə sonucda “russkiy mirin” aqibəti gözləyəcək.

 

Türkiyə ilə əsgəri və iqtisadi münasibətləri mümkün dərəcədə artırmaq, siyasi sahədə isə mütərəqqi və demokratiyamızın güclənməsinə qulluq edən güclərlə (elələrini tapmaq özü özlüyündə bir vacib iş olacaq) əməkdaşlıq etmək, diğərlərindən uzaq durmaq.

 

Qarabağdan rus “sülhməramlılarının” nəyin bahasına olursa olsun çıxmasına nail olmaq. Qarabağın nəhayi və sonuna qədər qaytarılması üçün ermənilərdən demokratik inkişafımızda hər zaman üstün olmalıyıq. Hər nə qədər onları hərbi yolla məğlub etsək də, qələbəmizin son nöqtəsini demokratiya səviyyəmizin onlardan üstün olması qoyacaq.

Və uzaq perspektivdə bir məsələyə də hazır olmalıyıq:  son imperiyanın çöküşündən sonra meydana yeni dünya çaplı Şər mənbəyi çıxacaq, çünki, H.Cavid demişkən: “İblis nedir? Cümle hiyanetlere bais… Ya her kese hain olan insan nedir? – İblis.”

 

15.03.2022,

Ankara