Azərbaycanlı diplomatların İrandan çıxarıldığı bildirilir
Mayın 5-də bəzi qeyri–rəsmi mənbələr dörd azərbaycanlı diplomatın İrandan (ikisinin Tehrandakı səfirlikdən, ikisinin isə Təbrizdəki konsulluqdan) çıxarıldığını bildiriblər.
İran Xarici İşlər Nazirliyinin saytında belə məlumat yoxdur, rəsmi Tehran nümayəndələri də bu barədə bildirməyiblər. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanatı olmayıb.
Turan agentliyi Azərbaycanın Təbriz şəhərindəki konsulluğuna müraciət edib. Lakin diplomatların çıxarılması faktını nə təsdiq, nə də təkzib etməyərək, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyi tövsiyə ediblər.
Öz növbəsində mətbuat xidməti bildirib ki, rəsmi məlumat olacaq.
Turan-a qeyri-rəsmi mənbələrdən məlum olub ki, bu fakt hələ ötən ay baş verib, lakin açıqlanmayıb.
Aprelin 6-da Azərbaycan Tehranın Bakıdakı səfirliyinin 4 əməkdaşını persona non-qrata elan edib. Bir müddət sonra Tehran da eyni hərəkəti edib. Lakin Azərbaycan səfirliyi hələ yanvar ayında, diplomatik missiyaya qarşı terror aktından və təhlükəsizlik əməkdaşının öldürülməsindən sonra bağlanıb. Bir sutka sonra səfirliyin bütün personalı İranı tərk edərək Bakıya qayıdıb.
Beləliklə, real olaraq söhbət iki diplomatın çıxarılmasından gedə bilər. Rəsmi Bakı buna cavab verəcəkmi, zaman göstərəcək.
* İki ölkə arasında münasibətlər İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsindən sonra kəskin şəkildə pisləşib. Tehran Azərbaycana qarşı mənfi münasibətini heç vaxt gizlətməyib və onu təhlükə hesab edib.
SSRİ-nin süqutundan sonra İran öz inkişaf yolunu Azərbaycana qəbul etdirə bilmədikdən sonra faktiki olaraq Ermənistanın müttəfiqinə çevrilib.
2022-ci ilin payızından Tehran Bakıdan Ermənistana təzyiq göstərməməyi tələb edərək açıq hərbi təhdidlərə keçib.
İran prezident Rəisinin rəhbərliyilə hazırkı hökumət SSRİ-nin süqutundan və Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı tarix boyu Azərbaycana ən düşmən hökumət olub.