Ədliyyə Nazirliyi: “Bəzi partiyaların siyahılarında qüsurlar müəyyən olunub”
Partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar müəyyən olunub. Bu haqda iyunun 18-də Ədliyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir:
“Yeni Qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.
Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir”.
Qeyd edək ki, indiyədək yalnız Real partiyası Ədliyyə Nazirliyinin onların siyahısında qüsurlar müəyyən etdiyini açıqlayıb. Ədliyyə Nazirliyinin məlumatı onu göstərir ki, siyahı ilə bağlı bəzi başqa partiyalara da irad bildirilib, lakin onlar Realdan fərqli olaraq, bunu açıqlamayıblar.