Qarabağda 11 minə yaxın erməni silahlısının olduğu deyilir. Onlar nə vaxt çıxarılacaq?
Rəsmi olmayan məlumatlara görə, Dağlıq Qarabağın hazırda erməni və rus silahlılarının nəzarətində olan hissəsində 11 minə yaxın erməni silahlı var.
Bunu Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov ASTNA-ya müsahibəsində deyib.
Hərbi ekspert bildirib ki, ermənilər ərazinin müxtəlif istiqamətlərində yerləşiblər: “Düzdür, onların vəziyyəti o qədər də yaxşı deyil, söhbət təminat və təchizatdan gedir, ciddi ruh düşkünlüyü var, bir çoxları əraziləri tərk edib Ermənistana qayıtmaq istəyir. Amma bununla belə, 11 minlik erməni silahlı gələcəkdə regionda hər hansı növbəti “başağrısı“ yaratmaq üçün ciddi qüvvə hesab oluna bilər.
Cəsur məmməfovun sözlərinə gorə, hazırda rəsmi Bakı məsələ ilə bağlı Rusiya ilə intensiv müzakirələr aparır.
“Əsas tələb odur ki, erməni silahlılar hər hansı şərtsiz Azərbaycan ərazilərini tərk etsinlər və ya silahları təhvil verərək Azərbaycan qanunlarına əməl edərək ərazidə yaşasınlar. Ümid edirəm ki, bu müzakirələr müsbət sonluqla bitəcək və gələn ilin ilk yarısında biz ərazilərimizdə erməni silahlıların tamamilə ləğv edilməsinin şahidi olacağıq” – deyə, Cəsur Məmmədov bilfirib.
Ekspert qəyd edib ki, indi 10 noyabr bəyanatının 1-ci və 4-cü maddələrinin qızğın müzakirələri aparılır: “Birinci maddəyə görə, qoşunlar qaldıqları yerdə dururlar, 4-cü maddəyə görə isə rus sülhməramlıları yerləşdikcə erməni silahlıları çıxarılır. İndi burada söhbət hansı erməni silahlılarından gedir? Kəlbəcər, Laçın və Ağdamda yaxın keçmişdə olan erməni silahlılarından? Yoxsa, Xocavənd, Xankəndi, Xocalı və Ağdərədə hazırda olan erməni silahlılarından? Bu məsələ müzakirə obyektidir. Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncəki mətbuat konfransında problemin üçtərəfli bəyanatın birinci maddəsinə uyğun nizamlanmalı olduğuna işarə etdi. Əlbəttə ki, bu da ciddi narazılıq və narahatlıqlar yaradır”.
Cəsur Məmmədov Rusiya Müdafiə Nazirliyinin Qarabagda öz nəzarət dairəsini genişləndirməyə çalışması və tez-tez xəritələr paylaşmasının narahatlıq doğurdunu bildirib.
“Bu dəfə Şuşa şəhərinin yaxınlığındakı Şuşakənd və Muxtar kəndlərini erməni-rus nəzarətində olduğu xəritədə qeyd olunub. Eyni zamanda erməni silahlıların nəzarətində olan şimal hissə (keçmiş Ağdərə rayonunun ərazisi) Tərtər şəhəri istiqamətində genişləndirilib. Artıq bir neçə gündür ki, belədir. Təəssüflər olsun ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib” – deyə, hərbi ekspert ASTNA-ya açıqlamasında vurğulayıb.
Basta