15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qiymətləri ilə başqa ölkələrin uçuş qiymətlərini müqayisə etdikdə heyrətlənməmək mümkün deyil.
Qonşu ölkələrdə hava nəqliyyatı qat-qat ucuz olduğu halda, Azərbaycanda qapanma dövründə bu qiymətlər bir az da şişirdildi. Məsələn Moskvadan Bakıya gəlmək üçün biletin qiyməti həmin hava limanından İrəvana getmək üçün qiymətdən 15 qat çoxdur. Amma AZAL-ın investisiya xərcləri hələ də dövlət büdcəsindən ödənilir. Yəni bir vətəndaş AZAL-dan 15 qat bahasına bilet alır, üstəlik büdcəyə ödədiyi vergilər də AZAL-a xərclənir. Amma “yoxsul” AZAL-ın sədri Cahangir Əsgərovun şəxsi sərvəti göz qamaşdırır.
İqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, dövlət AZAL-ın qiymət siyasəti üzərində çox ciddi şəkildə nəzarət həyata keçirməlidir və AZAL-ın tədbiq etdiyi qiymətlər Azərbaycan əhalisinin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır.
“AZAL-ın qiymətləri çox yüksəkdirsə, şübhəsiz ki, gəlirləri də əhəmiyyətli dərəcədə çoxdur. Bu həm bilet sayına görə yaranan fərq, həm də bütövlükdə il boyu həmin hava nəqliyyatından istifadə edənlərin aldıqları biletlərin, yəni ümumi gəlirlərin həddindən artıq böyük olması dərhal diqqəti cəlb edir. Digər tərəfdən isə AZAL hələ də dövlət büdcəsində oturmuş şirkət kimi idarə olunur. AZAL-ın investisiya xərcləri əsasən dövlət hesabına ödənilir. Buradan sual çıxır ki, AZAL bu qədər gəlir əldə edirsə və öz investisiya xərclərini ödəmirsə, o zaman həmin vəsaitlər hara gedir? İkinci bir sual isə belə olur ki, bəs başqa ölkələrdə necə olur? AZAL-ın tədbiq etdiyi qiymətlərlə müqayisədə qat-qat aşağı qiymətlər tədbiq edən hava şirkətləri necə olur? Deməli, həmin hava şirkətlərinin həm gəlirləri AZAL-dan daha azdır, həm də onlar özlərinin investisiya layihələrini həyata keçirirlər. Məsələyə bu konteksdən baxanda vəziyyət bir az da dramatik xaratker alır ki, görəsən, bu AZAL nə işlə məşğuldur?
AZAL-ın uçuşlarına, qiymət siyasətinə dövlət nəzarəti həyata keçirilmir. Belə bir vəziyyətin yaranması AZAL-ın monopolist mövqeyindən istifadə etməsinə şərait yaradır. AZAL-ın qiymətlərinin azaldılmasını tələb edən çox əsaslı səbəblər var. Çünki Azərbaycanda əhalinin sosial vəziyyəti həddən ziyadə ağırdır. Azərbaycanda vəziyyət Gürcüstan, Rusiya, Türkiyə və digər Avropa ölkələri ilə müqayisə edilməz dərəcədə pisdir. Vəziyyətin belə olması AZAL-ın qiymətlərini şərtləndirən səbəblərdir. Buna görə də dövlət AZAL-ın qiymət siyasəti üzərində çox ciddi şəkildə nəzarət həyata keçirməlidir və AZAL-ın tədbiq etdiyi qiymətlər Azərbaycan əhalisinin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır.
Çox uzağa getmədən qonşu Gürcüstanın qiymətlərinə yaxınlaşdırılmalıdır. Uzaq ölkələrə səfər etmək istəyən bir sıra Azərbaycan vətəndaşları Gürcüstana keçid edərək oradan təyyarə biletləri alıb səyahətlərini həyata keçirirlər. Bunun əsas səbəbi isə Gürcüstanda uçuş qiymətlərinin çox aşağı olmasıdır”.
İqtisadçının sözlərinə görə, burada rəqabət mühitinin yaradılması istiqamətində addımlar atılmalıdır.
“İndiki dövrdə bunu həyata keçirtmək çətin olsa da, ikinci alternativ yol da var. Bu alternativ rəqib hava limanlarının inkişafına meydan verməkdir. Məsələn, heç olmasa, bu sahədə 1-2 şirkət olsaydı, AZAL iştahlı qiymətlərini həyata keçirə bilməzdi.
Üçüncü addım isə çox vacib addımdır. Azərbaycanda çox təəssüf ki, rəqabət haqqında qanun qəbul olunmayıb. İqtisadiyyatda, sosial həyatda baş verən böyük biabırçılıqlar buradan qaynaqlanır. Azərbaycanda rəqabət haqqında qanun olsaydı, AZAL-ın özbaşınalığına da ən azından qanunvericilik çərçivəsində “yox” demək olardı”,- deyə o bildirib.
Bizim yol