Rusiya ”Dağlıq Qarabağ Respublikasını” tanıyırmı?

Tanınmamış ”Dağlıq Qarabağ Respublikası” və ya ”Artsax” dünən ”müstəqilliyinin” 30 ilini qeyd etdi, Ermənistanın yüksək rütbəli rəsmiləri oraya getmədi, ancaq orada yaşayan erməniləri unutmadıqlarını vurğulayan təbrik məktubları göndərdilər. Bu məktublar belə rəsmi Bakını qıcıqlandırdı, onların sülh prosesinə zərər vurması barədə Xarici İşlər Nazirliyi bəyanat yaydı.

.

Azərbaycan üçün artıq Dağlıq Qarabağ deyilən ərazi yoxdur, Prezident İlham Əliyevə görə, ora ”yolunu azmış Azərbaycan vətəndaşlarının” yaşadığı yerdir. Ermənistan və Qarabağda Rusiya sülhməramlılarının nəzarətində yaşayan ermənilər üçün də Dağlıq Qarabağ deyilən ərazi yoxdur, çünki onlar oranı, öz təbirincə, ”tarixi adıyla” Artsax adlandırırlar.

Ötən il Azərbaycanın qələbəsiylə nəticələnən 44 günlük müharibəyə qədər bu ərazilər Ermənistanın hərbi nəzarətində olsa da, beynəlxalq səviyyədə oralar Azərbaycan əraziləri kimi tanınırdı və Azərbaycan BMT qətnamələrinə istinadən bu əraziləri öz torpaqları olaraq geri qaytarmaq haqqının olduğunu vurğulayırdı.

.

Dünyanın bir çox ölkələri kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Rusiya isə artıq belə görünür ki, fikrini dəyişib və Dağlıq Qarabağı Azərbaycanın ərazisi saymır.

Rusiya Müdafiə Nazirliyi Qarabağa yerləşdirilmiş sülhməramlılarına xidmət üçün tender elan edib və elanın mətnində Dağlıq Qarabağ Respublikası ifadəsini işlədib.

.

Bu, texniki səhv də ola bilər, ancaq belədirsə də, çox güman ki, bu, Rusiyanın Cənubi Qafqazda stereoptiplərini əks etdirən bir məqamdır.

,

Yox, əgər səhv deyilsə, bu, regionun gələcəyini müəyyənləşdirəcək hadisələrə işarə verən əlamət sayıla bilər.

Azərbaycan bu məsələyə hələ ki, rəsmi münasibət bildirməyib, ancaq rəsmi Bakının mövqeyi belədir ki, Qarabağın statusu məsələsi artıq gündəmdə deyil və Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

Buna baxmayaraq, hazırda keçmiş Dağlıq Qarabağda inzibati hakimiyyət özünü “Dağlıq Qarabağ” və ya “Artsax Respublikası” elan etmiş separatçıların əlindədir və bölgə 2000 Rusiya sülhməramlısının nəzarətindədir.

Dünən Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirmişdi ki, “Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır”.

.

XİN deyib ki, Ermənistanın iddialarına baxmayaraq, “Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir”.

Rusiya MN saytındakı ifadə ilə bağlı isə Azərbaycan XİN sualımızı cavablandırmayıb.

.

  • Rusiya Müdafiə Nazirliyi

    Şəklin alt yazısı,Elanda yazılıb: “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna hərtərəfli qulluğun təşkili və aparılması üzrə xidmətlərin göstərilməsi”.

.

“Azərbaycana təzyiqdir

,

Erməni sosial media istifadəçiləri bunu Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağı ayrıca respublika olaraq tanıması kimi şərh edir, xəbər saytları isə Azərbaycanda Rusiya MN tender elanındakı “Dağlıq Qarabağ Respublikası” ifadəsilə bağlı “isterika” baş qaldırdığını qeyd edirlər.

Azərbaycanda bəzi təhlilçilər hesab edir ki, Rusiya Müdafiə Nazirliyi tender elanında belə bir ifadəni qəsdən seçib və Azərbaycana təzyiq üçün istifadə edir.

 

“Son həftələrdə Rusiya sülhməramlılarının gündəlik fəalliyyətindən xəbər verən bülletenlərdə atəşkəs pozuntuları ilə bağlı məlumat verərkən “Dağlıq Qarabağın silahlı birləşmələri” formulundan istifadə edir. Artıq hiss olunur ki, Azərbayca-Rusiya münasibətlərində ziddiyyətlər və anlaşılmazlıqlar mərhələsindəyik”, – siyasi təhlilçi Şahin Cəfərli deyir.

Onun fikrincə, iki ölkə arasındakı əsas problem rus sülhməramlılarının mandatı ilə bağlı sənədin Azərbaycan tərəfindən imzalamaması ilə bağlıdır: “Görünür, indi Azərbaycan ona təklif olunan mətni ölkənin maraqlarına zidd hesab elədiyi üçün qəbul eləmək istəmir”.

.

Şahin Cəfərli deyir ki, onda olan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanın bu mandatı imzalamaq üçün şərtləri var: “Erməni mənbələrinin açıqlamalarına görə, bu şərtlərdən biri odur ki, Qarabağ ərazisindəki bütün erməni silahlıları tərk-silah olunsun. Digər şərtlər budur ki, Azərbaycan Laçın dəhlizinə Rusiya ilə birgə nəzarət eləmək, Xankəndidə yerli idaredicilərin təmin olunmasında Rusiya ilə birgə söz sahibi olmaq istəyir. Rusiya, aydındır ki, bu konfliktin tam həllində nöqtə qoyulmasında maraqlı deyil. Çünki bu münaqişə Rusiyaya əlverişli imkan yaradır ki, həm Azərbaycan, həm Ermənistan üzərində, həm də regionda öz təsir gücünü saxlasın”.

.

“Status müəyyən edilməyib”

 

.

 

MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov deyir ki, bu ifadədə qeyri-adi heç nə görmür.

“Biz başa düşürük ki, Rusiya Federasiyasının rəsmi doktrinası deyir ki, status müəyyən edilməyib, burada belə bir şey görmürəm”, o BBC Azərbaycancaya deyib.

“Bəli, Azərbaycan statusun cəhənnəmə getdiyini bəyan edir… Minsk Qrupunun əsas qurucuları – ABŞ, Fransa və Rusiya Federasiyası dünya siyasətinin münaqişəli gündəmləri haqqında fərqli fikirlərə sahibdirlər, amma Dağlıq Qarabağın statusunun müəyyən olunmadığı və onun hələ müəyyən olunacağı barədə onlar eyni fikirdədirlər”, deyə o əlavə edib.

.

Elan Rusiya hökumətinin satınalmalar saytında avqustun 13-də yerləşdirilib.

.

“Texniki səhv”

 

 

Deputat Aydın Mirzəzadə ümid edir ki, Rusiya Müdafiə Nazirliyinin satınalma elanında ifadə olunan “Dağlıq Qarabağ Respublikası” texniki yanlışlıqla yazılıb.

“Rusiya Azərbaycanın ərazi bütovlüyünü tanıyır, üçtərəfli 10 noyabr və 11 yanvar sazişlərini imzalayanlardan biridir və belə bir xəta yol verilməzdir,”- millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

.

O əlavə edib ki, Azərbaycan buna ciddi reaksiya verməlidir və “Rusiya tərəfi bu xətanı mütləq düzəltməlidir”.

Millət vəkili Rasim Musabəyov da bunu texniki səhv hesab edir və deyir ki, Rusiya bunu düzəltməsə, o tenderin qalibi Azərbaycana “heç mismar da gətirə bilməyəcək”.

Onun fikrincə, bunun texniki xəta olub-olmadığını Rusiyanın davranışı göstərəcək: “Hər halda, bizim etirazımız nəzərə alınarsa, bunu texniki səhv kimi qiymətləndirmək olar. Yox, əgər təkid edib o şəkildə saxladıqları halda bu, siyasi məsələ olacaq”.

.

Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, hazırkı mərhələdə Azərbaycanın Rusiyaya ciddi təsir rıçağı yoxdur. Onun fikrincə, belə bir təsir aləti Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi alternativ variant ola bilər, amma bu da Azərbaycanla Rusiya arasındakı münasibətləri böhrana soxardı: “Bu halda isə Rusiya Qarabağda Abxaziya, Osetiya ssenarilərini təkrarlaya bilər. Ona görə, rəsmi Bakı çalışır ki, Rusiya ilə münasibətlərdə hər nə qədər ziddiyyət, narazılıq yaransa belə, bu, böhrana çevrilməsin”.

.

Aydın Mirzəzadə hesab edir ki, artıq “Dağlıq Qarabağ anlayışı yoxdur, Azərbaycan Respublikası var və müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi anlayışı var. Rusiya bu məsələlərdə həmişə bu terminləri gözləməlidir”.

Deputat əlavə edib ki, Rusiya rəsmiləri indiyə kimi “keçmiş Qarabağ məsələsində” beynəlxalq hüquq normalarını gözləməyə çalışıblar. “Hər halda araşdırılmalıdır. Mən fikir söyləməyə tələsmirəm. Bu, artıq Rusiya tərəfindən araşdırılmalıdır. Qoy araşdırsınlar, səhvdirmi, bilərəkdəndirmi, bu xətanı törədən cəzalandırılmalıdır”.

Hazırda Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edir. Bakı burada ötən il müharibəyə son qoyan 10 noyabr bəyannaməsinə istinad edir. Bu sənədin dördüncü bəndini göstərən Azərbaycan bildirir ki, bölgəyə Rusiya sülməramlıları yerləşdirilən kimi erməni qüvvələri Qarabağdan geri çəkilməli idi.

Ötən ay Rusiya sülhməramlıları ilk dəfə Azərbaycanı Qarabağda atəşkəsi pozmaqda ittiham etmişdi.

Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə olunarsa, beş il sonra Rusiya sülhməramlıları Qarabağı tərk etməlidir.

BBC