“İran region üçün təhlükədir” – Tehranın Azərbaycana qarşı ritorikasına ABŞ-ın reaksiyası

Cümə axşamı ABŞ Dövlət Departamenti İranın son günlər regiondakı qonşularının, o cümlədən Azərbaycanın ünvanına güclənən ritorikasına reaksiya verib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Bizə tamamilə aydın idi ki, İran region üçün təhlükə təşkil edir”, deyə mətbuat katibi Ned Prays gündəlik mətbuat konfransında bildirib.

Turan-ın müxbiri Praysa son həftələrdə İranın Azərbaycanın ünvanına artan ittihamlarından sonra Tehran və Bakı arasında gərginliyin artması, habelə Tehranın ritorikası davam etdiyi təqdirdə Vaşinqtonun İranın qonşularını, məsələn, Azərbaycanı qorumağa hazır olub-olmadığı haqqında sual verib.

“Bizim bütün bu ölkələrlə əhəmiyyətli ikitərəfli münasibətlərimiz var. Siz Azərbaycanın adını çəkdiniz. (Dövlət katibi Blinken) bu həftənin əvvəli Azərbaycanlı həmkarı ilə görüşmək imkanına malik olub”, deyə Prays bildirib.

Daha sonra o əlavə edib: “Biz tərəfdaşlarımızı dəstəkləməyə, son nəticədə İranın regionda və bəlkə də onun hüdudlarından kənarda göstərdiyi sabitliyi pozan təsirinə qarşı mübarizə aparmağa davam edəcəyik”.

Turan-ın müxbiri Rusiyanın Təhlükəsizlik Xidmətinin rəhbərinin İrana son səfəri və Moskva və Tehranın əməkdaşlığının İİR-i həm ölkədə, həm regionda, həm də onun hüdudlarından kənarda daha çox ruhlandırıb-ruhlandırmayacağı haqqında sual verib.

Cavab olaraq Prays belə deyib: “Bütün bunlar İran və Rusiya arasında son illər və fərqli şəkildə son aylar inkişaf etdiyini müşahidə etdiyimiz tərəfdaşlıq – müəyyən mənada artan tərəfdaşlıq – kontekstində narahatlıq doğurur”. Bu, getdikcə möhkəmlənən ittifaqdır ki, bütün dünya onu ciddi təhdid kimi görməlidir, deyə Amerikalı diplomat əlavə edib.

Praysın sözlərinə görə, Ukrayna xalqı “bunda ciddi təhlükə görür”.

“Məhz onlar hər gün real həyatda bu təhlükə ilə üzləşirlər”, deyən Prays Rusiyanın Ukraynaya qarşı İran PUA-larından istifadə etməsi haqqında məlumatları nəzərdə tutub. “Amma bu, hər hansı bir ölkənin hüdudlarından kənarda da nəticələri ola biləcək münasibətlərdir”, deyə o bildirib.

Praysın sözlərinə görə, Vaşinqton beynəlxalq ictimaiyyətlə, o cümlədən BMT-də Rusiya və İrandan ayrı-ayrılıqda, habelə onlar arasında ikitərəfli münasibət nəticəsində yaranan təhlükənin, o cümlədən İİR-in silah sistemlərinin Rusiyaya yayılması təhlükəsinin aradan qaldırılması üzərində işləyir.

“Biz həm Rusiya, həm də İranla silah ticarətinə ABŞ-ın bütün sanksiyalarını fəal şəkildə tətbiq etməyə davam edəcəyik. Biz İranın bu silahı Rusiyaya satmağını çətinləşdirəcəyik”, deyə o əlavə edib.

Prays deyib ki, Ukraynaya gəlincə, ABŞ Kiyevə təhlükəsizliyini təmin etməkdə köməklik göstərməyə, o cümlədən bəziləri İran istehsalı olan silahlarla məruz qaldığı təhlükəyə qarşı mübarizə üçün ehtiyacı olan “yer-hava” sistemləri göndərməyə davam edəcək.

İranın Ali lideri də daxil olmaqla, vəzifəli şəxslərə insan hüquqlarının pozuntusuna görə sanksiyalar tətbiq edilməsi haqqında məsələyə gəlincə, biz “bütün uyğun alətləri nəzərdən keçiririk”, deyə Prays qeyd edib.

Onun sözlərinə görə, İran rejimi çox sərt sanksiyalara məruz qalıb.

“Onların çirkin fəaliyyətinin bütün spektrinə – nüvə proqramlarından ballistik raket yaratmaq proqramlarına, terroçuluğu dəstəkləmələrinə, marionetləri dəstəkləmələrinə, kiber fəaliyyətlərinə görə və bəli, İrandan söhbət gedəndə bizdə dərin narahatlıq doğuran insan hüquqları pozuntularına görə sanksiyalar mövcuddur”, deyə Prays bildirib.

Aleks Raufoğlu

Vaşinqton

Turan